Lovğalanmağın yeri deyil
Bir çox hallarda dənizdə boğulanlar məhz üzməyi bacaranlar olur
Deyəsən, bu yay da çimərlik mövsümü dənizdə boğulmalarla yadda qalacaq. Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub. Hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.
Demək olar ki, hər gün bir neçə nəfərin çimərlikdə boğulması haqda xəbərlər eşidirik: daha 8 nəfər, daha 4 nəfər, daha 2 nəfər, daha 6 nəfər... Cavan-cavan insanların dənizdə boğulmasının əsas səbəblərindən biri odur ki, anomal istilərlə keçən yay fəsli insanları təntidir, bişirir və onlar sərinləmək üçün axtarıb tapdıqları su hövzəsində heç bir təhlükəsizlik texnikasını gözləmədən çimmək istəyirlər. Bəzən də gənclərin boğulmasını onların "eqo”su ilə əlaqələndirirlər ki, üzə bilmədikləri halda özlərini ətrafındakı insanlara sübut etmək üçün dərin sulara baş vururlar. Yəni batan gənclərin bir çoxu harınlığının qurbanı olur.
Onu da deyək ki, dənizdə batanlarla bağlı zaman-zaman səslənən bir şayiə də var: "Adamları dalğıclar çəkib aparır, suyun altında bir yerə bağlayır, sonra meyiti yiyəsinə satırlar”. Qeyd edək ki, bu günlərdə məsələ sosial şəbəkələrdə yenidən gündəmə gətirilib. Yayılan məlumata görə, sosial şəbəkə istifadəçilərindən biri çimərlikdə olarkən dənizdə ayağına kəndir ilişib. O iddia edir ki, kəndir adam bağlamaq üçün istifadə olunur. Başqa bir istifadəçi isə yazıb ki, bir dəfə dənizdə çiməndə ayağı qarmağa ilişib. Dənizdə adam tutmaq üçün qarmaqlar quraşdırıblar.
İddia olunur ki, həmin qarmaq və kəndir vasitəsilə dənizdə insanlar məqsədli şəkildə boğulur və ailəsindən pul alaraq qazanc əldə edirlər.
Ekspertlər isə tövsiyə edir ki, insanlar dənizə girərkən bir neçə bəsit qaydalara riayət etməklə də öz təhlükəsizliklərini təmin edə bilərlər. Məsələn, öncə hava şəraiti nəzərə alınmalıdır. Hava əlverişli deyilsə, küləkli, dumanlıdırsa, dənizə getmək məsləhət görülmür. Çimərliyə getmək üçün gündüz 12:00-16:00 saatlarında, eləcə də axşam saatlarında (görüntü məhdudluğu olduğu zamanlarda) dənizdə çimmək həyat üçün təhlükəli ola bilər.
Hansı qida və içkilərin qəbul edilməsi də önəmli amildir. Belə ki, alkoqollu içkilərin qəbulu yolverilməzdir, yağlı yeməklər məsləhət görülmür. Çimərliyə getməzdən öncə və çimərlikdə mütləq qəbul edilməli dərmanlar varsa, buna da nəzarət olunması məsləhətdir. Üzə bilmirsinizsə, dənizdə çimərkən sahildən çox uzaqlaşmayın. Üzə bilənlərin isə sahilə perpendikulyar deyil, paralel üzmələri tövsiyə olunur. Dənizdə qadağanedici nişanları keçməyin.
Psixoloq Samir Əhmədov bildirib ki, çimərlikdə baş verən bədbəxt hadisələr çox zaman gənclərin öz aralarında mənasız mərcə girməsi, yaxud da spirtli içki qəbul edilməsi nəticəsində baş verir:
"Bilirsiz, insana "bu sənə ziyandır, bunu etmə” dedikcə, ona doğru qaçır. Bu, insan psixologiyasıdır. Siqaret qutularının da üzərinə "siqaret çəkmək sağlamlığınıza ziyandır” xəbərdarlığı yazılır. Bu qədər siqaret çəkənin hansını bu sözlər zərərli vərdişdən indiyədək döndərib? Heç kimi. Eləcə də "Küləkli havada çimərliyə getməyin”, "təhlükəli xətti keçməyin”, "bura zibil atmayın” tipli xəbərdarlıqların da heç bir müsbət təsiri yoxdur. Bu cür məsələlərdə ancaq maarifləndirmə işlərinə üstünlük verilməlidir. İnsanlara başa salınmalıdır ki, qaydaları pozmağın sonu nə ilə nəticələnə bilər. İnsanlara faktlar, indiyədək baş vermiş faciəli hadisələr barədə məlumat verilməlidir. İnsanın səhlənkarlığının, boş, mənasız yerə mərcə girib küləkli havada, yaxud qadağan olunmuş zonada çimməyin, təhlükəli akrobat hərəkətləri ilə dənizə tullanmağın hansı faciələrə yol aça biləcəyinə dair bilgilər verilməlidir. Bu, gəncliyin psixologiyasıdır. 4-5 dost yığışıb çimərliyə gedir, əylənmək istəyirlər, mərc kəsirlər ki, kim daha uzağa üzər, kim daha çox suyun üzündə qalar, eləcə də dalğalı dənizdən kim qorxur, kim qorxmur. Belə mərclər də çox zaman faciə ilə nəticələnir. Çimərliyin ikinci ən böyük düşməni spirtli içki və hədsiz qida qəbul etməkdir. Ümumiyyətlə, çimərliklərdə, dəniz sahilində spirtli içkilərin satışı qadağan edilməlidir. Baxın, FHN xəbərdarlıq edir ki, çimərlik ərazisinə spirtli içki gətirmək, sərxoş halda dənizə girmək qadağandır. Amma bütün çimərliklərdə kafe və restoranlarda spirtli içki satılır. Bu, non-sensdi. Özləri deyir, içib dənizə girməyin, bu tərəfdən isə çimərlikdə araq, pivə satılır. Pivənin özü də zərərli içkidir. Başğarısı, ürəkbulanma verə bilər. Belə vəziyyətdə dənizə baş vurmaq əsl dəhşətdir. Spirtli içkilərin satışı mütləq şəkildə dəniz kənarından yığışdırılmalıdır”.
Psixoloqun sözlərinə görə, çimərlikdə həddindən artıq qida qəbul etmək də yaramaz:
"Qədərindən artıq qida mədəni ağırlaşdırır, bəzi insanlar yeyib-içib dənizə çimməyə girir. Bu, qətiyyən yolverilməzdir. Mədəsi, qarnı dolu adam sizcə, normal qaydada üzə bilər? Təbii ki, yox. Yemək ona ağırlıq edəcək. Bu, nə tibbi, nə də təhlükəsizlik baxımından məqbuldur. Çimərliyə mümkün qədər yüngül qidalar aparılmalıdır. Hətta maye, su qəbulunda da ölçü gözlənməlidir. Digər tərəfdən, mən fikir vermişəm ki, qadağan olunmuş zonalar ödənişli çimərliklərdə qeyd olunur, mühafizə zolağı göstərilir. Amma ödənişsiz çimərliklərdə mühafizə zolağı deyilən bir şey yoxdu. Əhali bildiyi kimi çimir, üzə bildiyi qədər üzür. Əlbəttə, bu çox təhlükəlidir. Ödənişli, ödənişsiz, çimərliklərə fərq qoyulmamalıdır. Hər birində insanların təhlükəsizliyi təmin edilməlidir. Birincisi, yaxşı olar ki, çimərliyə gedən, dənizdə çimmək arzusunda olanlar əvvəlcə, üzməyi az da olsa öyrənsinlər. Üzə bilənlərsə, lovğalanıb dərinə getməsinlər. Bir çox hallarda dənizdə boğulanlar məhz üzməyi bacaranlar olur, sadəcə özlərinə arxayın olub, güclərini düzgün hesablaya bilmirlər. Dənizdə təhlükə ilə üzləşmiş insan ilk növbədə qorxu hissini özündən kənar etməyə çalışmalıdır. Belədə sudan quruya çıxmaq şansı daha artıq olar”.
Tibb eksperti Adil Qeybullanın fikrincə isə bu halların qarşısını almaq üçün ilkin tibbi yardımı mütləq bilmək lazımdır ki, sadə insanlar da boğulan şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıdır: "İlk olaraq boğulan şəxsin nəfəs yollarından suyu xaric etmək lazımdır. Boğulan şəxsi şaquli istiqamətdə başıaşağı tutmaq və boğazına, qarnına dolan suyu boşaltmaq vacibdir.
Bu zaman onun kürəyinə yüngülcə vurmaq, döş qəfəsini öndən və arxadan sıxmaq lazımdır ki, ağ ciyərlərdən su daha tez xaric olsun. Əgər xəstə hələ də özünə gəlməyibsə, bu zaman ürək masajı və paralel olaraq süni tənəffüs verilməlidir. Suda boğulanın həyata qaytarılması sudan çıxarıldıqdan sonra ilk 3-6 dəqiqə ərzində mümkündür. Xəsarət alan xəstəxanaya xərəkdə üzü və ya yanı üstə uzanmış, baş hissəsi bir qədər qaldırılmış vəziyyətdə nəql olunur. Xəstəxanaya aparılarkən yol boyu ağciyərlərin süni ventilyasiyası davam etdirilir. Xəstə özünə gəldikdən sonra belə, onun müalicəsi xəstəxana şəraitində davametdirilməlidir”.
Şəymən