“Magistratura və rezidenturaya qəbul qaydalarında dəyişiklik olacaq ? - Açıqlama





"Magistraturaya və rezidenturaya qəbul qaydalarında dəyişikliklər yoxdur”.

Bu sözləri "Sherg.az”a Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat Xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, qısa zamanda dərc olunacaq "Magistr” jurnalının 1-ci sayında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində çap ediləcək:

"Bu il də imtahan iki mərhələdə keçiriləcək. Birinci mərhələdə 100 test tapşırığı olacaq. İkinci mərhələdə isə ixtisaslar üzrə 50 test tapşırıqları veriləcək. İxtisaslara uyğun bəzi proqramlar var ki, ikinci mərhələdə yazılı və şifahi imtahan həyata keçirilir. Məsələn, "Jurnalistika” ixtisasında 44 nömrəli proqram üzrə ikinci mərhələ imtahanları iki addımda aparılır. İlk olaraq şifahi müsahibədən uğurla keçən namizədlərə, növbəti addımda təqdim edilən mövzular üzrə yazılı esse təqdim edilir. MBYixtisaslaşması və "Jurnalistika” fakültəsi istisnadır. Həmin istiqamətlərdə bakalavr ixtisasının fərqi yoxdur.

Namizədləri ən çox maraqlandıran məsələ testlərdə edilən dəyişikliklərdir. Testlərlə bağlı da heç bir dəyişiklik gözlənilmir. Əvvəlki format və açıq, qapalı test sayı olduğu kimi saxlanacaq”.

Magistratura təhsili üçün ali məktəblərdə ayrılacaq yerlərə gəlincə isə Xanlar Xanlarzadə diqqətə çatdırıb ki, "Magistr” jurnalının 4-cü sayında plan yerləri dərc olunacaq:

"Həmin plan yerlərini Nazirlər Kabineti təsdiqləyir və DİM-ə göndərir. Daha sonra plan yerləri jurnalda dərc olunur. Ona görə, DİM təhsil haqlarının müəyyən olunmasında, plan yerlərinin ayrılmasında müdaxilə etmir.

Müsabiqə şərtlərinə gəlincə, birinci turda təhsil ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, səhiyyə, rifah və xidmət ixtisasları qrupu (bədən tərbiyəsi və idman ixtisasından başqa) üzrə minimal müsabiqə şərti 40, humanitar və sosial ixtisaslar qrupu üzrə 50, təbiət ixtisasları, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu 45, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, xüsusi təyinatlı ixtisaslar, bədən tərbiyəsi və idman ixtisası üzrə 30 bal təşkil edir. 

İkinci mərhələdə sonuncular istisna olmaqla bütün ixtisaslarda dövlət sifarişli yerlərə qəbul üçün 25, ödənişli yerlərə qəbul üçün isə 20 bal tələb olunur. Mədəniyyət və incəsənət, kənd təsərrüfatı, xüsusi təyinatlı ixtisaslar, bədən tərbiyəsi və idman ixtisası üzrə ödənişsiz yerlərə keçid balı 20, ödənişli ixtisaslara isə 15 təşkil edəcək.

Namizədlərə məsləhətimiz odur ki, çap etdirdiyimiz jurnalları və DİM-in rəsmi saytını mütəmadi izləsinlər. Detallı şəkildə bu və ya digər məsələlərlə bağlı izah veriləcək və suallar cavablandırılacaq”.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də keçiriləcək. DİM tərəfindən 4 fevral 2018-ci il tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı baş tutacaq.

Aysel Aslan