“Yaxın tarix göstərir ki, bir çox məsələlərdə Fransa hər zaman Ermənistanın yanında olub, düşmən ölkəni müdafiə edib”
"Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir”. Bunu Fransa prezidenti Emanuel Makron erməni həmkarı Sarkisyanla görüşdən sonra jurnalistlərə deyib. Makron bildirib ki, Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır: "Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir.
Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq. Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və arzu edirəm ki, görüşlər konkret nəticə versin. Makron Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrə görüşü, həmçinin bu yaxınlarda Krakovda xarici işlər nazirləri səviyyəsində görüşün əhəmiyyətini vurğulayıb. Fransa lideri bu görüşü müsbət kimi xarakterizə edib. Həmsədr ölkənin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin dondurulmadığını söyləyib. O, münaqişənin ancaq danışıqlar yolu ilə həll edilə biləcəyini vurğulayıb və sülhün region əhalisinə rifah gətirəcəyini deyib.
Makronun erməni həmkarı ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Fransanın prezidenti Makron həmsədr bir ölkənin dövlət başçısı kimi ancaq bu cür ifadələr səsləndirə bilərdi.
Ekspertin sözlərinə görə, Fransa ilə Azərbaycan arasında münasibətlər nə qədər yaxşı olsa da, rəsmi Parisin işğalçı Ermənistanla əlaqəsi daha möhkəmdir:
"Yaxın tarix göstərir ki, bir çox məsələlərdə Fransa hər zaman Ermənistanın yanında olub, düşmən ölkəni müdafiə edib. Ona görə də Makronun dediklərinə ciddi yanaşmaq lazım deyil. Təcavüzə məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni tərəziyə qoymaq və tərəflərə bərabər gözlə baxmaq münaqişənin həllinə biganə yanaşmanın təzahürüdür. Hər bir sağlam düşüncəli siyasətçi başa düşməlidir ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır.
Torpaqlarımızı zəbt edən isə Ermənistandır. Bu münaqişədə mübahisəli və qaranlıq məqam yoxdur. Üstəlik, BMT-nin və digər qurumların bununla bağlı qətnamələri var. Çox güman ki, Makron da bu reallığı yaxşı dərk edir. Sadəcə olaraq diplomatik üsluba uyğun müəyyən fikirlər söyləyir. Məsələ ondadır ki, seçki ərəfəsində Sarkisyanı bu cür ifadələr qane edir. Çünki indiki zamanda onun üçün hər bir aparıcı dövlətin rəhbərinin dəstəyi önəmlidir”.
İsmayıl