Maliyyəyə qənaət baxımından AzTV-dəki kadr islahatları məqbuldur




Bizim bölgə müxbirlərinin sayını çoxaltmaqla bölgələrimizdə televiziya məntəqələrini yaratmaq lazımdır

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir. Yeni təyin olunan sədr əvəzi Rövşən Məmmədov sələfi Arif Alışanovun kadrlarını televiziyadan kənarlaşdırmağa başlayıb.

R.Məmmədov qurumda keçirilən daxili iclasda bununla bağlı müvafiq qərarlar qəbul edib. İclasda AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağrılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa, QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə, aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlardır.

Kadr islahatları ilə bağlı "Şərq”ə danışan media eksperti Zeynal Məmmədli bildirib ki, aparılan son dəyişikliklərlə bağlı fikir bildirmək düzgün deyil: 

"Çünki islahat proqramı haqqında elə də məlumatımız yoxdur. Bilmirik ki, hansı struktur dəyişiklikləri olacaq. Düşünməliyik ki, Azərbaycan kiçik ölkədir və bu ölkənin Yaponiya və Böyük Britaniya kimi uzaq ölkələrdə müxbir postu saxlamasına nə dərəcədə ehtiyac var? Çünki bütün bunlar maliyyə tələb edir. Bəlkə maliyyə baxımından Rövşən Məmmədov belə qərar verib?

Düşünürəm ki, televiziyalarımızda daha çox Azərbaycanın ehtiyacı olan materiallar verilməlidir. Məsələn, bizim bölgə müxbirlərinin sayını çoxaltmaqla bölgələrimizdə televiziya məntəqələrini yaratmaq lazımdır. Maliyyəyə qənaət baxımından son kadr islahatı məqsədyönlüdür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Yeganə Bayramova