Çünki Rusiyanın bu məsələdə günahkar olduğunu yaxşı bilir
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı "Report” agentliyinin jurnalisti İqbal Rüstəmovun ünvanladığı sual nazirlik sözçüsünün xoşuna gəlməyib. Çünki azərbaycanlı jurnalist Zaxarovadan Konstantin Zatulinin təşəbbüskarı olduğu "Lazarev klubu”nun Moskvada keçirəcəyi tədbirdə Dağlıq Qarabağ separatçılarının iştirak edib-etməyəcəyini soruşub. İ.Rüstəmov sual verərkən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb və Qarabağ separatçılarının bu forumda iştirakının yolverilməz olduğunu qeyd edib. Lakin Mariya Zaxarova jurnalistin sözünü kəsib: "Bir dəqiqə dayanın.
Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri olması ilə bu forum arasında nə əlaqə var? Əlbəttə, Rusiya Minsk Qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Habelə Moskvada, siz düzgün olaraq qeyd etdiyiniz kimi, vətəndaş cəmiyyətləri və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan yüzlərlə fərqli mövzulu forumlar keçirilir. Əgər sizdə bu forumda hansısa yolla rəsmi şəxslərin iştirak etdiyi haqqında məlumat varsa, bizə ötürün. Məndə belə bir informasiya yoxdur”.
Rusiya XİN rəsmisinin məsələyə bu cür yanaşması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Məsələni şərh edənlər həmsədr Rusiyanın ümumiyyətlə bu cür məsələlərə həssas yanaşmasını zəruri hesab ediblər.
Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli "Şərq”ə açıqlamasında bildirib ki, nə qədər ki, Rusiyada erməniyə sevgisi olan Lavrov kimi şəxslər var, biz daim belə söhbətləri eşidəcəyik. Deputatın fikrincə, Rusiyadakı səfirliyimiz bu məsələdə çox aktiv olmalıdır:
"Yeri gələndə etiraz bildirməli, nota verməlidirlər. "Lazarev klubu”na oxşar hansısa bir təşkilat Rusiyada Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərsə, buna imkan verməzlər. O boyda diaspora təşkilatımızı, Rusiya Azərbaycanlıları Konqresini bağladılar. Çünki həmin təşkilat Azərbaycanın milli maraqlarını müdafiə etmişdi. Bu da həm Moskvanın, həm də Ermənistanın xoşuna gəlməmişdi. Mariya Zaxarova sualdan hiddətlənir, çünki Rusiyanın bu məsələdə günahkar olduğunu yaxşı bilir. Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olduğunu qəbul edir, amma bəzi hallarda bunun məsuliyyətini anlamaq istəmir. Rusiya XİN rəhbəri Sergey Lavrov dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. Bu nə cür açıqlamadır? Niyə Kreml neytrallığını qorumur?”.
Parlament üzvünün sözlərinə görə, Rusiya hələ də Pyotrun tarixi vəsiyyətnaməsindən kənara çıxa bilmir: "Məhz həmin plana əsasən azərbaycanlılar öz torpaqlarından çıxarılıb və əvəzinə ermənilər yerləşdirilib. Daha sonra da süni dövlət qurublar. İndi də ortaya qondarma rejim məsələsini atıblar. "Lazarev klubu”nu vaxtı ilə "Qriboyedov klubu” kimi təsis etmək istəyiblər, amma alınmayıb. Lazarev əslində Lazaryandır. Bu adam Qafqazın erməniləşməsində "böyük rol” oynayıb. Separatçıların açıq-aşkar dəstəklənməsi bizi çox məyus edir”.
T.Kərimli hesab edir ki, diplomatik korpusumuz prosesə çevik reaksiya verməlidir:
"Diplomatlarımız sərt etirazını bildirməli, jurnalistin hüquqlarını müdafiə etməlidirlər. Ermənilər analoji suallar verəndə, ona yaxşı cavab verirlər, amma azərbaycanlı jurnalistə od püskürürlər. İki il bundan öncə bir media nümayəndəsi Lavrova sual verdiyi üçün yazığın başına açmadıqları oyun qalmadı. İndi də Fuad Abbasovun üzərinə düşüblər, əleyhinə kampaniya başladıblar.
Rusiya ilə açıq danışmaq lazımdır, əgər bizi dost bilirsə, biz də dost olaq. Əgər istəmirsə, o zaman heç olmasa neytral olsun, tərəf tutmasın. Azərbaycanın haqq işini yerə vurmaq olmaz”.
İsmayıl