“Məclis sədrliyinə namizədliyimizi vermək fikrində deyilik”

Tural Abbaslı indiki vəziyyətdə seçkilərdə iştirak etməyi mənasız sayır



Müsavat Partiyasının Divanı dekabr ayının 27-də Məclisin sessiyasının keçirilməsi barədə qərar verib. Sessiyada boş qalan 32 Məclis üzvü və sədri yerinə seçkilər keçiriləcək. Qurum rəsmiləri sədrliyə iddialı namizədlərin olduğunu desələr də, onların adlarını öncədən açıqlamırlar.

Mediada yayılan xəbərlərə görə, Müsavat dəhlizlərində Məclis sədri kimi başqan müavini Gülağa Aslanlının, başqanlığa sabiq namizəd Tural Abbaslının, Divan üzvü Vəfa Cümşüdlünün və sədr müavini Osman Kazımovun adları çəkilir. Ekspertlər deyirlər ki, Tural Abbaslı istisna olmaqla, adı çəkilən digər müsavatçılar başqan Arif Hacılı ilə çox isti münasibətdədir. Amma bəzi təhlilçilərin fikrincə, Arif Hacılı partiyadaxili vəziyyəti nəzərə alaraq situasiyanı müsbətə doğru dəyişmək məqsədilə T.Abbaslıya dəstək verəcək. Məclis sədrliyinə iddialı olub-olmaması barədə danışan Müsavat Partiyasının üzvü Tural Abbaslı həmin yerə namizəd olmaq haqqında düşünmədiyini deyib: "Nizamnaməyə əsasən başqandan sonra ən səlahiyyətli post Məclis sədrliyi sayılır. Bu posta oturan şəxs partiyanın ikinci şəxsi hesab olunur. Amma hələlik iddialılar yoxdur. Adətən, seçkiyə az qalmış namizədlər ortaya çıxırlar. Sonra üzvlər arasında həmin şəxslərin təbliğatı aparılır. Biz və tərəfdarlarımız nə MNTK-ya, nə də Məclis sədrliyinə və üzvlüyünə namizədliyimizi vermək fikrində deyilik. Çünki seçkilər partiyanın daha güclü olmasını təmin etmək üçündür. Kimisə vəzifəyə gətirmək, kiməsə status vermək üçün deyil. İndiki halda Arif Hacılı tərəfdarlarının Məclisdə səs çoxluğu var və demək olar ki, bütün seçkilərin nəticələrini onlar həll edir. Belə çıxır ki, Məclis seçkiləri də rəmzi xarakter daşıyır və dolayısı ilə verilmiş siyasi qərar rolunu oynayır. A.Hacılı seçkilərə partiyanın güclənməsindən daha çox qrup savaşı kimi baxır. Belə bir vəziyyətdə seçkilərdə iştirak etməyi mənasız sayırıq. İnanmıram ki, bu seçki narazılıqların aradan qalxmasına xidmət etsin”. T.Abbaslı onu da əlavə edib ki, Müsavat Partiyasında şəxslərin mövqeyi gücləndikcə, partiyanın mövqeyi bir o qədər zəifləyəcək: "Qrupların yarışı qurultaydan sonra başa çatmalıydı. Belə gedişlə Müsavat üçün heç də xoş nəticələr olmayacaq”.

İsmayıl