Gülay Zeynallı: “Kimsə deyə bilməz ki, Gülaya sənətdə qabağa getmək üçün bir manat pul verib”
Musiqi sehrli bir aləmdir. Bu aləmdə özünəməxsus tərz yaratmaq, təkrarsız ifa təqdim etmək isə ayrıca bir istedad tələb edir. Gənc olmasına baxmayaraq qonağımız istər xalq musiqilərini ifa edərkən, istərsə də muğamlara müraciət edərkən özünəməxsus bir tərz yarada bildi. Elə bəlkə də bu özəlliyi sənətə gəldiyi ilk gündən onu tamaşaçıya sevdirməyə səbəb oldu.
"Şərq”in budəfəki qonağı gənc xanəndə Gülay Zeynallı oldu.
- Gəncə Dövlət Filarmoniyasında solist olaraq fəaliyyətə başlayırsan. Xeyirli olsun. Təklif kimdən gəldi?
- Təşəkkür edirəm. Təklif Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Samir Cəfərovdan gəldi. Təbii ki, mən də bu dəyərli təklifə müsbət cavab verdim.
- Niyə məhz Gülay Zeynallı? Bir çox gənc xanəndələr arasında seçimin sizin üzərinizdə qalmasının yəqin ki, bir özəl səbəbi var.
- Bu suala Samir müəllim yəqin daha dəqiq cavab verə bilər. Mən ancaq onu deyə bilərəm ki, Samir Cəfərovun bu təklifi mənim üçün sevindirici oldu. Samir Cəfərovla bir çox tədbirlərdə bir yerdə iştirak etmişdik. Biri-birimizə böyük hörmətimiz olub. Sadəcə, dövlət xətti ilə bu yaxınlarda Amerikada qastrol səfərində olduq. Dəyərli sənətkarla bir yerdə Amerikada, BMT-nin binasında maraqlı konsert proqramı ilə çıxış etdik. Ordan qayıtdıqdan sonra Samir müəllim məni Filarmoniyaya dəvət etdi.
- Görünür, Amerikadakı çıxışın Samir Cəfərovda daha böyük təəssürat oyada bilib...
- Yəqin ki. Samir müəllimlə münasibətimiz həmişə qarşılıqlı hörmət çərçivəsində olub. Sadəcə, budəfəki səfər zamanı ifam onda yəqin daha maraqlı təəssürat yarada bilib. Düşünürəm ki, Samir Cəfərov güclü vokalist, pedaqoq olaraq musiqinin, səsin texniki tərəflərini daha dərindən bilən
sənətkardı. O, səsə dəyər verməyi bacaran sənətçidir. Məni seçdiyi üçün isə təbii ki, ona minnətdaram.
- Filarmoniyada çalışmaq, paralel olaraq toylara getmək. Digər yaradıcılıq işləri və ailə yükü. Bu bir gənc xanım sənətçi üçün ağır olmaz ki?
- Bu günə qədər nə əldə edə bilmişəmsə, zəhmətim sayəsində qazanmışam. İnşallah, bundan sonra da yaradıcılığıma məsuliyyətlə yanaşmağa gücüm, iradəm yetər. İnsan uğur əldə etmək üçün əmək sərf etməlidir. Mən bu günüm üçün çalışmışam. Kimsə deyə bilməz ki, Gülaya sənətdə qabağa getmək üçün bir manat pul verib. Ona kömək edib.
- Həyat yoldaşın Kamil Filarmoniyada solist olaraq çalışmağına necə reaksiya göstərdi?
- Kamil hər zaman mənə dəstək tolub. O istər həyat yoldaşı kimi, istərsə də dostum kimi məni ilk gündən dəstəkləyən insandı. Kamillə ailə quran gündən mənim sənətdə uğurlarıma sevinən insan olub. Heç zaman mənim yolumu kəsməyib. Əksinə, ruhdan düşsəm belə, mənə stimul verib. Səhnədə mənim yanımda olub. Təbii ki, mənim Filarmoniyada fəaliyyətə başlamağıma elə ən çox sevinən də Kamil oldu. Mən bu baxımdan həqiqətən şanslı qadınam. Çünki mənə dəyər verən, mənim sənətimə hörmətlə yanaşmağı bacaran ailəm var.
- Bəs ailə qayğıları sənin yaradıcılığına mane olmayacaq?
- Bu günə qədər mane olmayıbsa, bu gündən sonra da Allahın köməyi ilə hər şey yaxşı olar.
- Filarmoniyada solist kimi fəaliyyətinə sevinənlər kimi, yəqin paxıllıq edənlər də olar...
- Mən bir onu deyə bilərəm ki, Allah hamının ürəyinə görə versin. Kim sevinirsə, Allah razı olsun, paxıllıq edənlərə də Allah bu gündən qismət etsin. İnsan təmiz əqidəyə sahibdisə, layiq olduğunu bir gün qazana bilir. Yetər ki, bunun üçün çalışasan.
- Filarmoniyada işə başlamaq bir az da məsuliyyətini artırmış oldu...
- Təbii. Filarmoniyada keçirilən tədbirlərdə iştirak etmək, repertuar üzərində çalışmaq lazımdı. Mən məsuliyyətdən qaçan insan deyiləm. Sənətdə məsuliyyət varsa, uğurun qapısını açmaq daha asandı.
- Bəs konsert proqramı ilə çıxış etmək niyyətin necə, varmı?
- Düzünü desəm, konsert verməyi hələ ki düşünmürəm. Konsert vermək bir günün işi deyil. Bunun üçün hazırlaşmaq lazımdı. Bu təkcə maliyyə məsələsi ilə də bağlı deyil. İnşallah, bir gün konsert də olacaq. Amma mahnılarım çoxdu. İnşallah, yeni bir albom üzərində çalışıram. Yəqin ki, yaxın müddətdə yeni albom hazır olacaq.
Tahirə Məmmədqızı