İlham Əsgərov: “Yaxşı olar ki, İsrafil İsrafilov bir dəfə ciddi özü ilə üz-üzə durmağa cəsarət tapsın”
Akademik Dram Teatrının ətrafında yaranan söz-söhbətlər hər gün donunu dəyişir. Teatrın direktoru İsrafil İsrafilov teatrda normal şəraitin olduğunu hər dəfə dilə gətirsə də, əslində oranın bir çox əməkdaşları bununla razılaşmır. Əslində həqiqətən teatrın daxilində nələrsə baş verir. Bax bu nələr nədir? Bunu kənardan söyləmək o qədər asan deyil. Çünki son bir ildə teatrın bir çox aktyorları ya teatrdan uzaqlaşmalı olublar, ya teatrda işləsələr də, yaradıcı mühitdən, teatrda baş verən qaranlıqdan narazılıq ediblər. Hər dəfə də bu ittihamlara teatrın direktoru heç nə olmamış kimi çox sakit və soyuqqanlı şəkildə cavab verib.
Son günlər Xalq artisti İlhəm Əsgərovun teatr barədə söylədikləri həqiqətən incəsənət aləmində səs-küysüz ötüşmədi. Mətbuata nadir hallarda açıqlama verən, görünmək, danışmaq xatirinə heç vaxt çıxış etməyən İlham Əsgərovun birdən-birə bu qədər sərt və kəskin ittiham səsləndirməsi doğrudan də bəzi məqamlarda bir daha düşünməyə vadar etdi. Axı Xalq artisti bir çoxlarından fərqli olaraq necə gəldi, harda gəldi çəkilən, çıxış edən sənətçilərən deyil. Sözünü, yerini bilən Xalq artistinin belə açıqlama verməsi teatrın daxilində yaşanan gərginliyin varlığını bir daha yada salmış oldu. Ötən nömrəmizdə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov "Şərq”ə açıqlama verərək İlham Əsgərovun ittihamlarının əsassız olduğunu söylədi. Yenidən Xalq artisti ilə əlaqə yaradıb münasibət öyrənməyə ehtiyac duyduq. Çünki İsrafil İsrafilov İlham Əsgərova başqasının sözünə uymamağı məsləhət görmüşdü.
Xalq artisti İlham Əsgərovun teatrın direktoruna cavabı belə oldu: "Mən hər zaman yerimi bilən və şəxsiyyətimə hörmət edən insan olmuşam. İsrafil İsrafilov bir məqamı düz vurğulayıb. Biz tələbəlik illərindən tanışıq. Ona görə də bilməlidir ki, mən heç kimin sözü ilə oturub duran insan deyiləm. Teatrda nə baş verdiyini isə hamı açıq şəkildə görür. Buna görə kimdənsə fikir almağa ehtiyac yoxdu. O, iradlarla razılaşmırsa, bu yenə onun öz şəxsi işidir. Amma mən qalmaqal xətrinə söz danışan insan deyiləm. Ona görə də heç vaxt yersiz, səbəbsiz fikir səsləndirmirəm. İsrafil İsrafilov özü çox yaxşı bilir ki, teatrın daxilində nə baş verir. Bunu hər dəfə deməyə də ehtiyac yoxdur. Teatrın qaranlıq həyatı yaradıcı mühitə, teatrda çalışanların işinə də birbaşa təsirini göstərir. Yaxşı olar ki, İsrafil İsrafilov bir dəfə ciddi özü ilə üz-üzə durmağa cəsarət tapsın. Özünə sual versin ki, son bir-iki ildə niyə hamı onunla bağlı iradını bildirir? Niyə hamı ondan inciyib gedir? Narazılıq edir? Əgər bu sualına cavab tapsa, bəlkə nə vaxtsa səslənən iradlar da həllini tapar. Yenə deyirəm, mən dünən sənətə gələn uşaq deyiləm ki, görünmək, yada düşmək xatirinə əsassız şəkildə kiməsə söz atım, ittiham səsləndirim. Bu vaxta qədər şəxsiyyətimə hörmət etməyi bacarmışam. Bu gün də özümə hörmət edib yenə mədəni şəkildə iradlarımı dilə gətirirəm. Və heç bir açıqlamamda da əsassız irad bildirməmişəm”.
Tahirə