“Mən yalnız Nurini seçdim”

İlhamə Quliyeva: “Azərbaycanda olan bütün kişi müğənniləri mənlə duet oxumaq istəyib”



Xalq artisti İlhamə Quliyeva yeni duet ortağı Nuri Sərinləndirici ilə ifa etdiyi "Sevgi nağılı” adlı mahnısına çəkilmiş klipi mediaya təqdim edib. Təqdimatda Moskvada ekranlaşdırılan klipdən danışan İ.Quliyeva bildirib ki, onunla duet ifa etmək istəyən kişi müğənniləri çox olub:

"Bu gün mənim tədbirimə gələn jurnalistlərə "çox sağ ol” deyirəm. "Yaşın nə fərqi var ki?” duetimdən sonra mənə bir çox duet təklifləri gəldi. Amma mən Nurini seçdim. Özüm ona təklif etdim ki, gəl duet oxuyaq. O, çox istedadlıdır. Nuri mənlə duet oxuyana qədər Azərbaycanda sevilmişdi. Amma bundan sonra daha da seviləcək. Onu da əlavə edək ki, Azərbaycanda olan bütün kişi müğənniləri mənlə duet oxumaq istəyib. Amma mən yalnız Nurini seçmişəm. Düşünürəm ki, duetimiz yaxşı alınıb. Amma klip təklifi Nuridən gəldi. Nuri mənimlə ifa etdiyi mahnıya klip çəkilməsini istədi. Mən də buna etiraz etmədim. Klipin bütün xərclərini Nuri ödəyib. Çox kübar bir insandı. Mən buna dəyər verirəm. Çünki mənim üçün sənətlə yanaşı, insanlıq, duz-çörək də çox önəmlidir”.

Təqdimat mərasimində İlhamə xanım birmənalı şəkildə vurğulayıb ki, o, duet oxuyan sənətçi deyil. Yalnız istisna hallarda özünün dəyər verdiyi sənətçilərlə duet oxuması mümkündür. Xalq artisti İlhamə Quliyevə duet ifa etmək istədiyi müğənnidən də danışıb. Mətbuat konfransında İ.Quliyeva bildirib ki, onun yalnız Röya Ayxanla dueti mümkündür: "Mən şou-biznesdən çox duet təklifi almışam. Onların arasında kişi müğənnilər də, xanım müğənnilər də var. Təklif gəlsə, xanım müğənniləri arasında Röya ilə duet oxuyaram”. Təqdimat mərasimində İlhamə Quliyeva həmişəki kimi baməzə söhbətləri və zarafatları ilə də diqqət çəkib. Çəkiliş prosesi zamanı baş verən maraqlı məqamları da qeyd etdi. Bildirdi ki, qabaqda Novruz Aslanla da növbəti işbirlikləri gözlənilir.

Qeyd edək ki, "Sevgi nağılı” adlı bəstənin söz və musiqisi Faiq Erola məxsusdur. Layihənin rəhbəri Lamiyə Ələkbərli, tədbirin təşkilatçısı Şahin Cavadsoydur. Nurinin Azərbaycanda yaradıcı işlərinin direktoru Lamiyə Ələkbərli bu layihənin davamı barədə də qısa məlumat verdi. "Sevgi nağılı” kino lentinə çəkilmiş ekran əsəridir. Ümumilikdə klipin çəkilişinə 18 saat vaxt sərf edilib. Çəkilişə 40 nəfərdən artıq böyük bir yaradıcı heyət əmək sərf edib. Klipin ərsəyə gəlməsində Rusiyanın ən nüfuzlu telekanalı sayılan "Ostankino” telekanalının peşəkar yaradıcı heyətinin əməyini də xüsusi şəkildə qeyd etmək lazımdır.

Tahirə