Mənzillər ucuzlaşır

Nüsrət İbrahimov: "Siyadakı proseslərdə Azərbaycanda evlərin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxaracaq”






Son vaxtlar Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Ev və torpaq alqı-satqısında artım demək olar ki, gözə dəymir. Ekspertlər bunu söküntü işlərinə ayrılan vəsaitin azaldılması, Rusiya amili və dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər. İnsanlar arasında evlərin qiymətində müəyyən qədər azalmaların olduğu deyilir.

Hazırda evlərin qiymətində ucuzlaşma müşahidə olunurmu?

"MBA” Konsaltinq və Qiymətləndirmə Şirkətinin prezidenti Nüsrət İbrahimovun sözlərinə görə, 2014-cü ilin ikinci yarısında neft birjalarında və qonşu Rusiyada baş verən hadisələr təbii ki, Azərbaycan daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Əgər mənzil bazarında ilin birinci yarısında qiymətlər 16,5 faiz artmışdırsa, ilin ikinci yarısında 1,3 faiz azalma müşahidə edilib.

Ekspertin fikrincə, Rusiyadakı proseslər də Azərbaycanda evlərin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxaracaq: "Nəzərə alsaq ki, daşınmaz əmlak bazarına daxil olan pul kütləsinin bir hissəsi qonşu Rusiyadan gəlirdi, hazırda bu axının bir hissəsi tam dayanıb, qalan hissəsi əks istiqamətə yönəlib. Digər tərəfdən, ilin ikinci yarısında ipoteka kreditlərinin verilməsində azalmalar, 2013-cü il və 2014-cü ilin birinci yarısında qiymətlərin kəskin artımı son nəticədə daşınmaz əmlak bazarında böhranlı vəziyyət yaradıb. Bu vəziyyət qiymətlərin yaxın zamanda düşəcəyinə zəmin yaradıb”.

Nüsrət İbrahimov bildirib ki, hazırda daşınmaz əmlak bazarında ümumi süstlük hökm sürməkdədir: "Potensial alıcılar gözləmə mövqeyinə üstünlük verirlər. Satıcılar isə maksimum ehtiyatlı davranmağa çalışırlar. Hamı nəyi isə gözləyir və ehtiyatlı olmağa çalışır. İlin əvvəlində daşınmaz əmlak bazarında 12,4 faiz, mənzil bazarında 16,42, torpaq bazarında isə 9,84 faiz artım var. Hazırda real tələb kiçik ölçülü və ucuz qiymətə olan mənzillərə və şəhərətrafı zonada yerləşən 2-4 sot ölçüdə olan torpaq sahələrinədir. Mənzilə real ehtiyacı olan əhali təbəqəsinin gücü yalnız buna çatır”.

Onun sözlərinə görə, kirayə bazarında ilin əvvəlindən 1,47 faizlik azalma müşahidə edilib: "Bu azalma əsasən təklif portfelindəki struktur dəyişikliyinin nəticəsidir desək, yanılmarıq. Digər tərəfdən ilin ikinci yarısında əhali arasında müşahidə edilən psixoloji gözləntilər son nəticədə xərclərin azaldılmasına və daha ucuz evlərə üstünlük vermələri ilə nəticələnib. Ümumilikdə, xırda ticarət və biznesdə gəlirlərin azalması son nəticədə obyektlərin icarəsi və mənzillərin kirayəsinə də təsirsiz ötüşməyib”.

Mənzil bazarında evlərin qiymətinin aşağı düşməsinin neftin ucuzlaşması ilə daxili tələbatın və Rusiyadan pul axınının azalması ilə bağlı olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bahalaşma olmayacaq.

Onun sözlərinə görə, əksinə, daşınmaz əmlak bazarında qiymətlərin azalması müşahidə edilir: "Xüsusilə də daha bahalı daşınmaz əmlak məhsullarının qiymətinin azalması hiss olunur. Azərbaycanda vaxtilə ölkədaxili tələbatın formalaşmasında əsas aktyorlardan olan Rusiyada işləyən Azərbaycan vətəndaşlarının artıq alıcı kimi yox, satıcı olaraq bazarda iştirak etməsi və

öncədən aldıqları əmlakı bazara çıxarmaları qiymətləri daha da aşağı salır. Faktiki olaraq hazırda daşınmaz əmlak bazarında çox ciddi durğunluq yaşanır. Alqı-satqı prosesləri çox az olduğu üçün müşahidə və nəticələri kompleksləşdirmək çətindir, çünki bir çox hallarda daha baha qiymətlərlə təşviqat ortaya çıxsa da, sonradan alıcı olmadığı üçün qiymət bazara uyğunlaşır. Şəhərin mərkəzində torpaqların qiymətinin qalxması isə təbiidir. Nəzərə alaq ki, mərkəzdə torpaq həddən artıq qıtdır və hər ay getdikcə bazara təqdim olunan istifadə olunmamış torpağın həcmi azalır. Torpağın qiymətinin artdığının müşahidə olunması məhz bu amildən irəli gəlir. Lakin ölkə üzrə götürdükdə, mənzillər, biznes təyinatlı obyektlər və torpağın qiymətində azalma müşahidə olunur. Əminliklə deyə bilərəm ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlər hiss olunacaq dərəcədə azalacaq. Bunun ən başlıca səbəbi ölkəyə valyuta axınının azalmasıdır”.

Ekspertin sözlərinə görə, 2015-ci il Olimpiya Oyunlarından sonra daşınmaz əmlak bazarında daha da ucuzlaşma gözlənilir:

"Dövriyyəyə daxil olan xərclərin böyük bir qisminin dövlət büdcəsindən qaynaqlandığını nəzərə alsaq, Olimpiya Oyunlarından sonra büdcədə "kəmərsıxma”, yəni qənaətcillik ciddi pul qıtlığı yaradacaq. Bu kimi hallarda daşınmaz əmlakın təklifi çoxalsa da, alıcı aşağı düşəcək. Çünki daşınmaz əmlak sahibləri nağd pul qıtlığı səbəbindən əmlaklarını dəyər-dəyməzinə təklif etməyə məcbur olacaqlar. Bu isə qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.

Şəymən