Məqsəd cəzaların azaldılmasıdır

Əvvəllər kiməsə şillə vurmaq 50 manat cərimə idisə, indi bu, 20 manatdı



Birinci qrup əlillərə və hərbi qulluqçulara islah işlərinin təyin edilməyəcəyi bildirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 49-cu maddəsinə yeni bənd (49.4) əlavə edilir.

Yeni bənddə isə belə yazılıb ki, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir. Məcəlləyə dəyişiklik parlamentin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Görəsən, hüquqşünaslar Cinayət Məcəlləsinə yeni bəndin daxil edilməsini necə dəyərləndirirlər?

Yeni əlavə ilə bağlı "Şərq”ə danışan vəkil Asif Abdullayev dəyişikliyin tərəfdarı olduğunu deyib: 

"Qanunvericiliyə edilən əlavələr bir çox boşluqları və ziddiyətləri aradan qaldırmağa yönəlir. Cinayət Məcəlləsinə edilən dəyişiklikləri dəstəkləyirəm”.

Vəkil Loğman Abdullayev isə bildirib ki, məcəlləyə edilən dəyişiklik bütövlükdə dekriminalizasiya və liberallaşma deməkdir:

 "Məqsəd cəzaların azaldılmasıdır. Məsələn, əvvəllər kiməsə şillə vurmaq 50 manat cərimə idisə, indi bu, 20 manatdı. Bütün bu cəzaları demək olar ki, bir-bir aşağı salırlar. Əlavə olunan maddə əvvəllər olmuş, lakin sonradan Cinayət Məcəlləsinin cəza növündən çıxarılan azadlığın məhdudlaşdırılmasıdır. Bu yeni əlavə iş yeri üzrə maaşın tutulması deməkdir. Ümumiyyətlə, cinayət qanunvericiliyində əhalinin kateqoriyasına görə cəzalar müəyyən olunmur. 

Qanun qarşısında bütövlükdə hamı birdir. Yalnız 18 yaşı tamam olmuş və müstəqil gəlirə sahib olan insanların maaşından 5 faizdən 20 faizə qədər pul tutulur. Məsələn, əməl törədən şəxs saxlanılır və məhkəmə vasitəsilə onun maaşına uyğun faizlər çıxılır. Əvvəllər şəhərdə komendatura var idi, sonra icra mexanizmi olmadı deyə sistemi ləğv elədilər. Yenidən bu təqdim olunsa, azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq götürüləcək. 

Məsələn, cəza çəkən şəxs hansı ərazidə yaşayırsa, ordan çıxmalı deyil, polisə məlumat vermədən iş yerini dəyişmir, bir yerə gedəndə məlumat verir və daim nəzarət altında olur. Belə şəxslərin azadlığı qismən məhdudlaşdırılır. Lakin 1-ci qrup əlillərin islah işi ilə təmin edilməyəcəyi barədə məlumatım yoxdur”.

Yeganə Bayramova