"Mərkəzi Bank başqa siyasət həyata keçirə bilmir" - Məzənnə süni şəkildə saxlanılır





"Digər dövlətlərin valyuta məzənnəsində müxtəlif səbəblərdən tez-tez dəyişikliklər olur. Amma manatın məzənnəsi sabitdir. Bu isə o deməkdir ki, manatın məzənnəsi süni şəkildə saxlanılır”.

Bunu "Sherg.az”a 2018-ci ildə manatın məzənnəsi ilə bağlı proqnozlardan danışarkən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyib. 

O bildirib ki, iqtisadiyyatda isə belə sünilik bəyənilmir:

"Çünki bu gələcək üçün qeyri-müəyyənlik, bazar iştirakçılarında etimadsızlıq yaradır. Uzun illər manatın dollara olan məzənnəsi 78 qəpik olub. Sonda da bunun nə ilə nəticələndiyini müşahidə etdik. Ardıcıl devalvasiyaların baş verməsi süni məzənnə saxlama siyasətinin dayanıqlı olmadığını sübut etdi. Bu, çox davam edə bilməz.

Bu il ərzində də məzənnənin 1,70-1,80 civarında qalacağını düşünürəm. Mərkəzi Bank siyasətindən əl çəkməyəcək, çünki başqa siyasət həyata keçirə bilmir. Bu qurum özünü müstəqil ölkənin müstəqil baş bankı kimi deyil, Amerika dollarına bağlı hiss edir. Heç bir ölkənin praktikasında belə siyasət yoxdur”.

Aysel Aslan