Mətbuatda intihar xəbərləri dərc olunmalıdırmı? - Elçin Şıxlı izah edir




"İntihar xəbərlərini oxuyanda intihar etmək ağlımın ucundan da keçmir".

Bunu Sherg.az-a intihar xəbərlərinin dayandırılması ilə bağlı təkliflərə münasibət bildirərkən  "Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. 

O bildirib ki, intihar xəbərlərini dərc etməmək, ümumiyyətlə, xəbər verməmək kimi bir şeydir:

"Həyatda heç kim problemsiz yaşamır. Çətinliklər həmişə var. İntihar haqqında xəbər verməyəcəyiksə, gərək onda jurnalistika ilə məşğul olmayaq. Sosial problemlər haqqında yazmayaq. Dünyada baş verən müharibələrdən, savaşlardan, terror hadisələrindən mənfi xəbərlərdən yazmayaq ki, insanlar çaşıb, pis vəziyyətə düşər. Belə mümkün deyil, razılaşmıram. İntiharlar haqqında xəbərləri də, yaxşı hadisələr haqqında informasiyaları da düzgün çatdırmaq lazımdır. Ümumiyyətlə, xəbərləri təqdim etmək lazımdır. Çünki hər hansı mənfi hadisəni ört-basdır etməklə həmin hadisələrin qarşısını almırıq. Əksinə problemi daha da dərinləşdiririk. Bilsəm ki, sabah intihar və ya daha mənfi hallar barədə mətbuatda xəbərlər getməsə, problemlər həll olunacaq, onda bir əlimlə o biri əlimə vuraram ki, heç nədən yazmayım və nəticədə hər şey yaxşı olsun. Mənim nöqteyi-nəzərimdən bu yanlış fikirdir. İntihar yaxud digər mənfi hallar haqqında yazı yazanda daha diqqətlə yanaşmaq lazımdır”.

İntiharları gizlətməklə mənfi hadisələrin qarşısını almağın mümkün olmadığını deyən E. Şıxlının sözlərinə görə, insanlar intiharların artması səbəblərini düşünməli və bir-birinə dəstək olmalıdır:

"Nadir hadisələr var ki, bir-iki dəfə olur, ya da elə hadisələr var kütləvi tendensiya halını alır. İkinci variantda jurnalist olaraq, həmin problemin dərinliyinə gedib, onu araşdırmalıyıq ki, insanlar nədən son zamanlar intihara meylli olur. Araşdırmanın nəticəsini ortalığa çıxartmaqla bundan sonra hadisələrin necə işıqlandırılmasına qərar verə bilərik. Biz hadisələrin məğzinə getməliyik. Məsələn, tanıdığımız böyük sənətkarlar olub ki, intihara cəhd ediblər. Dünya şöhrətli rəssam Van Qoq əsəbləşib, öz qulağını kəsib, onun avtoportreti də var. Çox sevdiyim, dünyaca məşhur Nobel mükafatçısı Ernest Heminquey böyük şəxsiyyət olub.Amma o da, intihar edib. İntiharının səbəbini də bütün ömrü boyu göstərib ki, kişi gərək ya döyüş meydanında həlak olsun, ya da gülləni beyninə sıxsın. Kişi heç vaxt yatağında ölməməlidir. Heyinquey zəif adam deyildi, amma onu intihara cəlb edən işləyə bilməməyi və ömür boyu özünün tezisi olmuşdur ki, kişi gərək güllədən ölsün.Tanınmış şairlər, yazarlar işləyə bilmədiyindən, psixoloji durumlarından ya da özlərinə məxsus tezislərindən intihara cəhd ediblər. Bizim cəmiyyətimizdə də intiharlar kütləvi tendensiya daşıyırsa, bunun səbəblərini araşdırıb, tapmalıyıq.

Bundan əlavə təəssüf ki, biz intiharları toy- bayram kimi qeyd edirik. Bundan qaçmaq lazımdır. Belə mənfi hadisələri oxucuya elə təqdim etməliyik ki, oxucu bunun düzgün olmadığını, intihara cəhd etməyin mənfi hal olduğunu anlasın. Mütləq dərindən sosioloji, psixoloji, ictimai araşdırma ilə məsələ ortaya qoyulmalıdır”.

Qeyd edək ki, yazar Aysel Əlizadə ötən gün mətbuatı intihar xəbərlərini dayandırmağa səsləyib.

"Təklif edirəm bir müddət intihar xəbərləri tirajlanmasın. Mediadan xahiş edirəm intihar xəbəri verməsin. Yoluxucu hal alır, adamları özünə əl qaldırmağa təhrik edir, həvəsləndirir. Kimsə "intiharım haqda xəbər yayılacaq" romantikasına qapılır, kim üçünsə adi hadisəyə çevrilir - özü də edir, kiməsə sərf edir - məsələn, borcu olduğu adam özünü öldürür və məsələ həll olunur. Adamları həyat mübarizəsindən yayındırır. İntiharı tək çıxış yolu kimi görürlər. Bütünlükdə isə cəmiyyətin psixikasını pozur” -deyə A. Əlizadə bildirib.

Ayyət Əhməd