Metroda niyə texniki problem tez-tez yaşanır?

“Əsas məqsədimiz sərnişinlərin mənzil başına tam rahat və təhlükəsiz çatdırılmasını təmin etməkdir”



Bakı Metropoliteninin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev son zamanlar metrodakı texniki problemlərin artması fikri ilə razılşamır. Onun sözlərinə görə, qatarlarda nasazlıq halları getdikcə azalır:

"Rəsmi təsdiq edilən məlumatlara əsasən ötən illərlə müqayisədə bu cür xırda nasazlıqlar nadir hallarda baş verir. Qatarlar gün ərzində 16-18 xətdə işlək vəziyyətdə olurlar. Maşın texnikasında problemlər ola bilər. Əslində, texniki nasazlığın baş verməsi qeyri-adi deyil. Lakin biz çalışırıq ki, belə problemlər də baş verməsin. Bizim əsas məqsədimiz sərnişinlərin mənzil başına tam rahat və təhlükəsiz çatdırılmasını təmin etməkdir”.

N.Paşayev texniki nasazlıqların qarşısını almaq üçün qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib: "Həmçinin hər hansı bədbəxt hadisənin olmamasına diqqət yetiririk. Məsələn, bununla bağlı əvvəlki illərdən fərqli olaraq hazırda qatarlara xüsusi baxış həyata keçirilir və onlar sınaqdan keçirilir. Eyni zamanda qatarların bütün ehtiyat hissələri öncədən alınaraq tədarük anbarlarında saxlanılır”.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Həzi Aslanov-İçərişəhər xətti ilə hərəkət edən 11 saylı qatarda "Nərimanov” stansiyasının girişində nasazlıq yaranıb. Nasaz qatar köməkçi qoşqu vasitəsi ilə stansiyaya gətirilib və problem aradan qaldırılıb. Həmçinin digər nasazlıq sərnişinlər hərəkət etdiyi vaxt eskalatorun işləməməsi olub, sonradan isə digər eskalator istifadəyə verilib.

Vüqar Şahinoğlu