Milan Məhkəməsi məkrli oyunu pozdu

Anti-Azərbaycan şəbəkəsi istədiyinə nail ola bilmədi
Volonte işi Azərbaycana qarşı erməni lobbisinin də içində yer aldığı qüvvələrin növbəti məğlubiyyətidir



Xəbər verdiyimiz kimi, Milan Məhkəməsinin qərarı ilə 2 ildən çoxdur şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçisi Luka Volonteyə bəraət hökmü verildi. Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın sadəcə quru iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin Volonteyə pul vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxdı.

Bununla da anti-Azərbaycan şəbəkəsinin növbəti planı baş tutmadı. Məsələ o idi ki, Luka Volonte AŞ PA-da Azərbaycanın haqq işinə dəstək verdiyi və rəsmi Bakıya qarşı uydurma siyasi məhbus qılıncından istifadə etmədiyi üçün bu fəaliyyəti fonunda "rüşvət almaq” ittihamı ilə üzləşmiş və məhkəməyə verilmişdi. Əslində proses təkcə Volonte ilə məhdudlaşmırdı. Hər şey "Azərbaycan camaşırxanası” adlı qondarma iddialarla dolu olan "məşhur məqalə”nin dərci ilə başlamışdı. 

"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” adlı qeyri-şəffaf jurnalistlər birliyi tərəfindən qələmə alınan məqalədə Azərbaycanın rüşvət verərək ələ almaq istədiyi siyasətçilərin adı hallanırdı. Təşkilatın məqaləni ötən ilin 14 sentyabr tarixində "Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Bakıda yeni müqavilənin imzalanması ərəfəsində dövriyyəyə buraxması da təsadüfi deyildi. Hədəf Azərbaycan haqqında mənfi imic yaratmaq və müqavilənin imzalanmasına mane olmaq olsa da, buna nail ola bilmədilər. Təbii olaraq, Azərbaycan üçün taleyüklü məsələnin baş tutmamasını istəyən qüvvələrin kimliyi də burada ortaya çıxdı. Məhz sözügedən məqalədən sonra Volonte və digərləri haqqında məhkəmə prosesi başlandı. Ancaq Milan Məhkəməsinin Volonteyə bəraət verməsi ilə bütün oyun pozuldu və anti-Azərbaycan şəbəkəsi istədiyinə nail ola bilmədi. Faktiki olaraq, Volonte işi Azərbaycana qarşı erməni lobbisinin də içində yer aldığı qüvvələrin növbəti məğlubiyyətidir.

Məhkəmənin qərarını şərh edən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, İtaliyanın Milan Məhkəməsinin korrupsiya ittihamında adı çəkilən italyan siyasətçi Luka Volonteyə bəraət verməsi ermənilər və ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi. Deputat qeyd edib ki, erməni lobbisi və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı şər və böhtanla çıxış edirlər:

"Ermənilər müxtəlif beynəlxalq təşkilatlarda daim Azərbaycana qarşı qarayaxma kampaniyaları apararaq çalışırlar ki, ölkəmizin beynəlxalq arenadakı mövqelərini zəiflətsinlər. Belə qurumlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır ki, burada da ermənilər bizə qarşı şantajlara əl atır. İtaliyalı deputat Luka Volonteni ittiham edirdilər ki, guya, Azərbaycan onu pulla ələ alıb və həmin rüşvətin müqabilində Volonte Azərbaycanı müdafiə edir. Lakin son nəticə bir daha onu göstərdi ki, bu, ermənipərəst qüvvələrin şər və böhtanıdır. Milan Məhkəməsi deputatın günahsızlığını sübuta yetirib ona bəraət verdi və bu qərar ermənilərə və ermənipərəst qüvvələrə bir matəm oldu”. Millət vəkilinin sözlərinə görə, bu cür hərəkətlər bir daha sübut edir ki, Azərbaycana qarşı qüvvələr şər-böhtanla məşğuldur, əsassız ittihamlar irəli sürür: 

"Hesab edirəm ki, bu proseslə artıq Milan presedenti yarandı. Bu, Azərbaycanı özünə hədəf seçən qüvvələrə artıq tutarlı bir cavab oldu”.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev də bəyan edib ki, orada hər hansı korrupsiya və ya sövdələşmə ilə bağlı hallar baş verməmişdi. Sadəcə, müəyyən adamlarla dostluq münasibətləri qurulmuşdu. Millət vəkilinin sözlərinə görə, prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın ədalətli mövqeyi və haqq işi çərçivəsində AŞ PA-da mühüm qərarlar qəbul olunub: 

"Ermənistan öz imkanları və lobbi təşkilatları hesabına uydurma məsələ qaldıraraq, İtaliyanın müəyyən orqanlarına çatdırdılar. İtaliyanın müvafiq orqanları da araşdırma apardılar. Lakin araşdırma göstərdi ki, ermənilərin iddia etdiyi hallar baş verməyib. Nəticədə, Milan Məhkəməsində Luka Volonte ilə bağlı bəraət verildi. Məsələyə digər tərəfdən baxmağın heç bir əsası yoxdur. Biz bunu AŞ PA-da dəfələrlə sübut etməyə çalışmışıq. Milan Məhkəməsinin bu qərarından sonra digər təşkilatlar da bu iddiaların hansı maraqlara xidmət etdiyini düzgün istiqamətdə görə biləcəklər. İkili standartların olmasından yararlanaraq Azərbaycana qarşı təzyiq forması kimi istifadə edirdilər. Milan Məhkəməsinin qərarı ilə ədalət öz yerini tutdu”.

AŞ PA-dakı nümayəndə heyətimizin üzvü hesab edir ki, bu qərar İrəvana ciddi bir mesajdır: "Bu mesaj ondan ibarətdir ki, Ermənistanın bugünkü işğalçı rəhbərləri və erməni diasporası işğalçı siyasətindən, qarayaxma kampaniyalarından əl çəkməlidir. Onlar işğal siyasətindən əl çəkmədiyinə görə müxtəlif bəhanələrlə işğal vəziyyətini uzatmaq üçün yalan, böhtan və qarayaxma siyasətini beynəlxalq təşkilatlarda yeridirlər. Erməni lobbisi də bu işdə dəstək olur. Əsas məqsəd odur ki, işğal məsələsi gündəmdən çıxsın. Təbii ki, ermənilər müəyyən müddət bunu bayram edirlər, amma son nəticədə həmişə olduğu kimi ədalət öz sözünü deyir. Milan Məhkəməsi də ədalətli qərar qəbul etdi”.

İsmayıl