Milli Məclisin yaz sessiyasının iş planı hazırdır

Tahir Kərimli: “Biz bu barədə məlumatlıyıq”





Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib. Yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.

Millət vəkili Tahir Kərimlinin sözlərinə görə, hər il olduğu kimi 2018-ci il yaz sessiyasında da bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək: "Yaz sessiyasının iş planı artıq təsdiq olunub və biz bu barədə məlumatlıyıq. Təbii ki, yenə də əsas iş bir sıra qanun layihələrinin müzakirəsi, müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsindən ibarət olacaq.
Gedişata uyğun olaraq iş planında olmayan qanunların müzakirəsi və dəyişikliklərin edilməsi də mümkündür. "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir. Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb. Uzun müddətdir müzakirəsi təxirə salınan bu qanun layihəsi yəqin ki, gündəliyə çıxarılacaq. O cümlədən də yarımçıq qalan və payız sessiyasının gündəliyindən çıxarılan digər qanunlar da yenidən gündəmə gətiriləcək”.

Millət vəkillərinin sözlərinə görə, "Deputatların etik davranışları haqqında” qanun layihəsi may ayında qəbul olunacaq: 

"Bu qanun layihəsinin müzakirəsi zamanı çox ciddi fikir ayrılıqları yarandı. Əslində deputatların etik davranışları haqqında” qanunun qəbulu bir neçə qanuna dəyişiklikləri özündə ehtiva etdiyindən onun qəbulu bir qədər uzandı”.

Milli Məclisin məlumatına görə, "Reproduktiv sağlamlıq haqqında”, "Psixoloji sağlamlıq haqqında”, "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, "Əlillərin sosial təminatı haqqında”, "Dövlət bayrağı haqqında”, "Dövlət gerbi haqqında”, "Dövlət himni haqqında” qanun layihələri parlamentin "2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək.

Şəymən