İslamçıların siyasiləşdirilməsi Əli Kəriminin milli demokrat imicinə zərbədir
"Milli Şura”nın 10 noyabr mitinqinə islamçılar da qoşulmaq niyyətindədir. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov və İslam Partiyasının sədr əvəzi Elçin Manaflı qurumun mitinqinə dəstək verəcəklərini açıq şəkildə bəyan ediblər. Amma həmin dairələrin müxalifətin aksiyasına qoşulmaq qərarı ictimaiyyət tərəfindən xoş qarşılanmayıb.
Cəmiyyət nümayəndələri xariclə əlaqəsi olan müəyyən dinçi dairələrin islam dinindən öz siyasi məqsədləri üçün süi-istifadə etməsini kəskin dillə pisləyiblər. İslamçıların mitinq həvəsini və siyasi hakimiyyətə meyl etməsini dəyərləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib ki, Azərbaycanda siyasi islamın perspektivi yoxdur. Siyasi ekspertin sözlərinə görə, aksiyanın və onlara dəstək verən dini ekstremiss qüvvələrin İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ərəfəsində meydana çıxması qətiyyən təsadüf deyil: "Nardaranda keçirilən Aşura mərasimlərində İran bayraqlarının asılması da düşünülmüş hərəkət idi. "Milli Şura”nın təmsilçiləri arasında İranla bağlı fikirlər ciddi şəkildə haçalanmır. Xüsusən, AXCP sədri Əli Kərimli müxtəlif zamanlarda İranın lehinə olan bəyanatlar verir. Eyni zamanda seçki müddətində İranın dəstəklədiyi layihənin iştirakçısı kimi çıxış edir. Ona görə də adı milli olan, əslində milli siyasət yeritməyən şura təmsilçiləri ilə iranmeyilli islamçı qrupların mövqeləri asanlıqla üst-üstə düşür. Bu qüvvələr uzun müddətdir ki, yaxından əməkdaşlıq edirlər. Elə mitinqə dəstək vermək də bu yaxınlığın bir nümunəsidir”.
E.Mirzəbəyli bildirib ki, Azərbaycanda siyasi islamın heç bir perspektivi yoxdur: "Dinin siyasiləşdirilməsi Allahın adından alver etmək deməkdir. Bundan şərəfsiz və ləyaqətsiz iş yoxdur. Özünü dindar hesab edən heç bir şəxs islamın müqəddəs dəyərlərini siyasi oyunların elementinə çevirməz”.
Sadə dindarların saxta islamçıların siyasi çağırışlarına qulaq verməyəcəyini deyən politoloqa görə, Azərbaycanda islam dini xalqımızın mental dəyərlərinə əsaslanır: "Azərbaycan xalqı dünyada islamı ən doğru dərk edən və yaşayan, dini-milli dəyərləri siyasi proseslərin elementinə çevirməyən azsaylı millətlərdəndir. Bu səbəbdən "Milli Şura”nın mitinqini xalq heç bir formada dəstəkləməyəcək. Allahın yolunu tutan, ona ibadət edən soydaşlarımız, eyni zamanda fərqli dini düşüncələrə malik olan vətəndaşlarımız heç zaman müxalifətin avantürist çağırışlarına diqqət etməyəcək”.
İsmayıl