Türkiyə və Azərbaycan prezidentləri Ankaradan dünyaya mesajlar verdi
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dünən davam edib. Türkiyə prezidentinin yeni iqamətgahında Azərbaycan prezidentinin təntənəli qarşılanma mərasimi keçirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, mərasim tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərin iştirakı ilə ilk dəfə açıq havada keçirilib.
Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə nümayəndə heyətini İlham Əliyevə, İlham Əliyev isə Azərbaycan nümayəndə heyətini Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Sarayın qarşısında foto çəkiləndən sonra prezidentlər arasında təkbətək görüş başlayıb.
Təkbətək görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin "Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.
Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Bu dəvət Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər. Sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçirilib. İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tiflis-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub
Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub. Bu barədə Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib.
"Bu il Türkiyə G-20-nin ev sahibidir. Biz də imkandan istifadə edərək tədbirə Azərbaycanı da çağırdıq”, - deyə Ərdoğan qeyd edib. Türkiyə prezidenti hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcminin 5 milyard ABŞ dolları təşkil etdiyini, 2023-cü ildə bu rəqəmi 25 milyard dollara çıxarılacağını qeyd edib.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi aprelin 24-də Çanaqqala savaşlarının 100-cü ildönümü ilə bağlı tədbirə dəvət etdiyini də bildirib.
"Birgə hərbi təlimlər mütəmadi davam etdiriləcək”
"2015-ci ildə ilk xarici səfərimi qardaş Türkiyəyə edirəm. Bu, artıq gözəl bir ənənəyə çevrilib. Bu səfər imkan verdi ki, bu il görüləcək işləri bir daha müzakirə edək, birgə fəaliyyət planını təsdiq edək. Birgə bəyanatda əvvəlki dövrdə görülən və gələcəkdə görüləcək işlər əksini tapıb”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: "Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı "G20” toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib. Azərbaycana göstərilən bu diqqətə görə əziz qardaşıma minnətdaram. Əminəm ki, dostluq-qardaşlıq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu gün bir çox məsələ müzakirə edildi, qərarlar verildi, nazirlərin öz aralarında görüşləri keçirildi. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha yaxın edəcək”. Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: "Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq”.
"ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur”
"Prezident İlham Əliyevlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyə bu məsələdə Azərbaycana dəstəyinin davam edəcək”.
Bunu mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib. "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil”, - deyə Ərdoğan vurğulayıb.
"Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalır. Bu məsələdə Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ və öz qardaşını dəstəkləyir”.
Bu sözləri prezident İlham Əliyev konfransda deyib. Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: "Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur”.
İ. Əliyev vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirdi, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu: "Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmir. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.
"Strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır”
Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə çox gözəl əməkdaşlıq var. Dövlət başçısı bildirib ki, son illər Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə milyardlarla dollar sərmayə yatırıb: "2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq”. Prezident İlham Əliyev Türkiyə şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və 10 milyard dollar həcmində layihələr icra etdiklərini nəzərə çatdırıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək: "Biz burada artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Türkiyə, Azərbaycan, Gürcüstan və Cənub Qaz Dəhlizinin digər iştirakçıları fəal, birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin Birinci Məşvərət Şurası keçiriləcək və Şuranın iclasında layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək. Üç il əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsinə imza atdıq. TANAP layihəsi əslində Cənub Qaz Dəhlizi layihəsinin bel sütunu, təməlidir. Bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilib. Cənub Qaz Dəhlizi və "Şahdəniz” yatağının işlənməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə 45 milyard dollar sərmayə qoyulacaq”. İ. Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin vaxtlı-vaxtında icra olunacağını vurğulayıb: "Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr strateji əhəmiyyətə malikdir və bu strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək”. Prezident İlham Əliyev bu il Türkiyədə Çanaqqala zəfərinin ildönümü və TANAP layihəsinin icrası ilə bağlı tədbirlər keçiriləcəyini söyləyib: "Bu il biz Türkiyədə tez-tez olacağıq. Təbii ki, əziz qardaşımı bir daha Azərbaycana dəvət edirəm. Bizim
tez-tez görüşlərimiz keçirilir və bu görüşlər xalqlarımızı, ölkələrimizi daha da birləşdirir”. Dövlət başçısı qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir faktordur və bu faktoru heç kim inkar edə bilməz: "Böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik”.