Moskva-Kiyev gərginliyi davam edəcək

Ukrayna Şərqi Avropada Rusiya ilə ABŞ-ın rəqabət mərkəzidir
ABŞ gələn il Ukraynaya silah satışını artıra və Ukraynanın Rusiya ilə qarşıdurmasında potensial qaynar nöqtəyə çevrilmiş Azov dənizində Kiyevin hərbi-dəniz donanmasını gücləndirmək səylərinə yardım edə bilər

Azov dənizindəki məlum hadisədən sonra Rusiya ilə Ukrayna arasında yaranan gərginlik davam etməkdədir. Rus donanmasının Ukraynaya məxsus gəmilərə hücum etməsindən sonra rəsmi Kiyev Rusiya ilə sərhəd bütün vilayətlərdə, həmçinin Azov-Kerç akvatoriyasında hərbi vəziyyət elan edib. Moskva ilə yaranmış növbəti gərginliyi şərh edən Ukrayna Prezidenti Pyotr Poroşenko deyib ki, Rusiya Kerç körfəzində Ukraynaya qarşı 2008-ci ildə Gürcüstana tətbiq etdiyi ssenarini təkrarlamaq istəyirdi. Prezident bildirib ki, hücum zamanı Ukrayna əsgərləri müdafiə olunublar: "Rusiya bu provokasiya ilə bizim atəş açmağımızı hədəfləyirdi. Buna əminəm. Hətta ölüm hadisəsinin baş verməsi nəzərdə tutulurdu. Bundan sonra Rusiya 2008-dəki Gürcüstan ssenarisini işə salacaqdı”. 

Poroşenko hərbi vəziyyətin elan edilməsi məsələsinə də aydınlıq gətirib və bildirib ki, Ukraynanın 10 vilayətində elan olunan hərbi vəziyyət 26 dekabra qədər davam edəcək: "Hərbi vəziyyətin elan edilmə tarixi 26 noyabrdan başlayır və bu, 30 gün qüvvədə olacaq”. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə bildirib ki, rus qoşunları Ukrayna ordusunu 27 dəqiqəyə məhv edər: "Hitler "Qaliçina” diviziyası yaratdı. Bu diviziya Sovet ordusuyla nə qədər döyüşdü? 27 dəqiqə. Bu qədər! Avakov və digər nazirlər Poroşenkonun "müharibə nə zaman bitəcək” sualına "Üç gün” cavabı verirlər. Üç gün nədir? 27 dəqiqə və Ukrayna ordusundan heç nə qalmayacaq”.

Tərəflərin qarşıdurmasını "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, 2013-cü ilin sonunadək Ukrayna və Rusiya arasında Azovla bağlı heç bir problem olmayıb və iki ölkə arasında dənizdən birgə istifadəyə dair saziş mövcud olub. Bu saziş hələ də qüvvədədir. Sadəcə, Rusiyanı Krımla birləşdirən körpü istifadəyə verildikdən sonra vəziyyət köklü surətdə dəyişib: 

"Rusiyanın Azov dənizinin böyük hissəsini daxili suları sayması Ukraynaya ciddi təhlükəsizlik və iqtisadi problemlər, o cümlədən Ukraynanın dəniz limanı Odessadan gəmilərin Azov dənizindəki Mariopol limanına strateji malların daşınmasında çətinliklər yaratmağa başlayıb. Son olaraq, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Artıq Ukraynada müharibə ritorikasının səsləndirilməsinə də rast gəlmək mümkündür. Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna silahlı qüvvələrinə açıq şəkildə atəş açılıb. 

Ukrayna tərəfi Moskvanı təxribat törətməkdə ittiham edərək, Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışlarının dünya ictimaiyyəti tərəfindən cəzalandırılmalı olduğunu xüsusilə vurğulayıb. Hadisə baş verdikdən dərhal sonra Ukrayna ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və Ukrayna Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası məsələ ilə bağlı dərhal açıqlama yayaraq, rəsmi Moskvanı ittiham edib və dünya ictimaiyyətini müvafiq addımlar atmağa çağırıb. 

Rəsmi Kiyev BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə və NATO-ya müraciət edərək növbədənkənar iclas keçirilməsini tələb edib. Hətta insidentin araşdırılması üçün NATO-Ukrayna birgə komissiyasının yaradılması gündəmə gəlib. Hər iki ölkənin ekspertləri son hadisəyə müxtəlif çalarlar verirlər. Rusiyanın siyasi və ekspert mərkəzləri Ukrayna gəmilərinin "son təxribatının” arxasında iki məqamın dayandığını vurğulayırlar. 2019-cu ilin martın sonunda Ukraynada prezident seçkilərinin keçiriləcəyini və hazırkı prezident Petro Poroşenkonun reytinqinin o qədər də yüksək olmadığını qeyd edən ekspertlər regiondakı vəziyyəti gərginləşdirən birinci güc olaraq məhz onu görürlər. Bəzi iddialara görə, Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə müharibə vəziyyəti elan edib, seçkiləri təxirə salmaq istəyir. 

Reytinq məsələsinin narahatlıq doğurduğunu demək mümkün olsa da, Ukraynadakı siyasi qüvvələrin P.Poroşenkonun seçkini təxirə salmaq fikrini asanlıqla qəbul edəcəklərini demək çox çətindir. Bununla da, rusiyalı ekspertlərin ortaya atdığı bu iddianı sırf P.Poroşenkonun nüfuzuna zərbə vurmaq mahiyyəti daşıdığını təxmin etmək olar. Digər bir ehtimal isə Azov hadisəsindən yararlanaraq Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməkdir. Bəzi ekspertlərin digər bir versiyasına görə isə Azovdakı gərgin vəziyyətin arxasında ABŞ-dakı siyasi mərkəzlər dayanır. Bununla ABŞ rəsmiləri yaxın günlərdə Argentinada keçiriləcək G20 sammiti çərçivəsində Rusiya və Amerika Birləşmiş Ştatlar prezidentlərinin nəzərdə tutulan görüşünü Azov dənizindəki gərginlik fonunda pozmaq istəyirlər”.

A.Rəşidoğlunun fikrincə, Rusiya qaz kəmərləri Avropaya Ukrayna üzərindən keçir. 2006-cı ildə Rusiyanın qısa müddətə qazın nəqlini dayandırması Qərbi Avropada həyəcana səbəb oldu: 

"Son zamanlarda Ukraynanın Aİ ilə ticarət müqaviləsi bağlamaq cəhdləri Moskva ilə gərginliyin yaranmasına səbəb olub. Moskva bu addımı Kiyevin Aİ üzvlüyünə nail olmaq istiqamətində atılan addımı kimi qiymətləndirir. Rusiya isə əksinə, Ukraynanın Gömrük İttifaqına daxil olmasında maraqlıdr. Ərazisində münaqişənin artıq beşinci il sürdüyü Ukrayna Şərqi Avropada iki dövlətin rəqabət mərkəzində durur. Vaşinqton Kiyevə siyasi və iqtisadi baxımdan, habelə Ukraynanın şərqində Rusiyanın əl tutduğu separatçılarla çarpışmasına dəstəkdə önəmli rol oynayıb. 

Birləşmiş Ştatlar birgə hərbi təlimlər keçirmək və məhdud sayda letal silah, birinci növbədə tanka qarşı "Javelin” raket kompleksi tədarük etməklə artıq Ukraynaya təhlükəsizlik sahəsində əl uzadır. ABŞ gələn il Ukraynaya silah satışını artıra və Ukraynanın Rusiya ilə qarşıdurmasında potensial qaynar nöqtəyə çevrilmiş Azov dənizində Kiyevin hərbi-dəniz donanmasını gücləndirmək səylərinə yardım edə bilər”.

İsmayıl