“Moskva Qarabağ probleminin varlığında maraqlıdır”

“Lavrovun çıxışlarından da görünür ki, Rusiya münaqişənin həllindən öz yaxasını kənara çəkməyə çalışır”



"Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan həll edə bilər”. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz. Onun sözlərinə görə, Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir:

"Biz son illərdə intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”, - deyə o vurğulayıb.

"Dağlıq Qarabağ məsələsinin həllinə mərhələli yanaşma lazımdır”

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinə mərhələli yanaşma lazımdır: "Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər. Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: "Bu, siyasi həllə keçməyə də kömək edər. Bu məsələni bir sənədlə birdəfəlik həll etmək mümkün deyil. Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni iş tərəflərin üzərindədir”.

"Azərbaycanla strateji tərəfdaşlıqdan çox məmnunuq”

Nazir bəyan edib ki, Rusiya-Azərbaycan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır: "Azərbaycanlı həmkarımla ötən il qarşılıqlı səfərlər etdik. Müntəzəm olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Buna misal olaraq humanitar forumu və digər tədbirləri göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi artır. Bu işlər öz axarında gedir. Ona görə də bunların reqlamenti üçün xüsusi sənəd tələb olunmur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə fəaliyyət göstərir. Biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıqdan çox məmnunuq”.

"Münaqişəni biz özümüz həll ediriksə...”

"Atlas” Araşdırmalar Mərkəzini rəhbəri Elxan Şahinoğlu deyib ki, Lavrovun çıxışlarından da görünür ki, Rusiya münaqişənin həllindən öz yaxasını kənara çəkməyə çalışır: "Əgər Azərbaycan və Ermənistan problemi öz aralarında çözürlərsə, o zaman Minsk Qrupu kimə, nəyə lazımdır? Münaqişəni biz özümüz həll ediriksə, onda hansı məqsədlə nazirləri Moskvada, Parisdə və başqa yerlərdə bir araya gətirirlər. Biz 2016-cı ilin aprel savaşında problemi istədiyimiz kimi həll etmək istədik. Amma o zaman məhz Rusiya prosesə müdaxilə etdi. O baxımdan hesab edirəm ki, Kreml rəsmisinin dediklərinin hamısı bəhanələrdir. Rusiya münaqişəni həll etməmək üçün uydurmalar irəli sürür. Moskva Dağlıq Qarabağ probleminin varlığında maraqlıdır. Lavrov yaxşı bilir ki, münaqişəni paket həll variantı ilə çözmək mümkün deyil. Mərhələli həll variantı isə münaqişənin daha uzun müddət uzanması anlamına gəlir. XİN rəhbərinin "öncə təmas xəttində sakitlik yaranmalıdır” təklifi də bizim xeyrimizə deyil. Dağlıq Qarabağ ətrafı rayonlar ermənilərdən təmizlənməyənə qədər təmas xəttində sakitlik ola bilməz”.

"İrəliləyişə nail olmaq üçün erməni tərəfi öz mövqeyini dəyişməlidir”

"Dağlıq Qarabağ münaqişəsində irəliləyişə nail olmaq üçün erməni tərəfi öz mövqeyini dəyişməlidir”. Bunu isə "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun bu il Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacağı haqqında açıqlamalarını şərh edərkən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O vurğulayıb ki, Ermənistanı mövqeyini dəyişməyə sövq edən heç bir amil yoxdur: "Vasitəçilər Ermənistana lazımi səviyyədə təsir göstərmirlər. Ermənistanın siyasi elitası gündən-günə öz mövqeyini sərtləşdirir. Ona görə, danışıqlarda hansısa nəticə gözləmək mümkün deyil. Bu halda irəliləyiş olacağına inanmıram”.

İsmayıl