MTN generalının villasında fəhlə işləyənlərin məhkəməsi davam edir





Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən proseslərə bir neçə dəfədir ki, zərərçəkən Elmir Həsənov gəlmir: "Buna görə məhkəmə prosesi təxirə düşür. Biz vəsatət verib onun məhkəməyə məcburi şəkildə gətirilməsini istəmişik. Məhkəmə vəsatətimizi təmin edib".
Proses mayın 13- də davam edəcək.
Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli biliniblər.