Mübariz Qurbanlının çox maraqlı iş planı var

Umud Mirzəyev deyib ki, komitə medianın gücündən də istifadə etmək niyyətindədir



Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. Komitə sədri ilə jurnalistlərin görüşündə din-cəmiyyət, din-media münasibətləri, ölkədəki tolerant mühitin qorunması, həssas mövzu olan dinin mediada düzgün işıqlandırılması və s. məsələlər müzakirə olunub.

Görüşün təfərrüatları ilə bağlı "Şərq”ə danışan nümayəndə heyətinin rəhbəri, BAMF-nin sədri Umud Mirzəyev deyib ki, dinin mətbuatda işıqlandırılması ilə bağlı ciddi problemlər var.

Modern jurnalistikada bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsi zəruridir: "Din cəmiyyətdə insanların çox böyük önəm verdiyi mənəvi dəyərlərdən biridir. Son dövrlər Mübariz Qurbanlının dini komitəyə təyinat almasından sonra bu istiqamətdə kifayət qədər işlər görülüb. Ona görə də təşkilat olaraq belə bir ziyarəti uyğun gördük. Hesab edirəm ki, görüşümüz kifayət qədər faydalı və produktiv olacaq. Çünki biz orada həm təşkilatımız, həm də cəmiyyətimiz üçün çox önəmli olan məsələləri müzakirə etdik”. Ü.Mirzəyev bildirib ki, beynəlxalq ictimaiyyəti və cəmiyyətimizi düşündürən əsas məsələlərdən biri tolerantlıqdır. Azərbaycanda tolerantlığa kifayət qədər ciddi önəm verilir: "Azərbaycanda müxtəlif etnik zümrələr bir-birinə dözümlülük göstərir. Bu mühit digər sivilizasiyalara örnək ola biləcək səviyyədədir. Ona görə də Azərbaycandakı bu dəyərin nümunə olaraq dünyada təbliğ olunması ilə bağlı işlər görülməlidir. Bu məsələlərlə bağlı biz komitəyə birgə əməkdaşlıq təklif etdik. İstəyirik ki, Azərbaycanın bir qrup jurnalistlərini əməkdaşlığa cəlb edərək onları ölkənin müxtəlif regionlarına, etnik və dini cameələrin görüşünə göndərərək müəyyən forumun keçirilməsinə nail olaq”. Təşkilat rəhbəri vurğulayıb ki, Dini Komitənin çox maraqlı iş planı var: "Qərara aldıq ki, vətəndaş cəmiyyəti olaraq biz də komitəyə öz dəstəyimizi verək. Hesab edirəm, görüş və təkliflərimiz kifayət qədər maraqla qarşılanacaq. Yəqin ki, jurnalistlər bundan fayda götürəcəklər. Ən sevindirici məqam isə odur ki, Mübariz müəllim hər zaman mətbuatla açıqdır. Çünki komitə öz işində medianın gücündən istifadə etmək niyyətindədir”.

İsmayıl