Müəllim ailəsindən terrorçu çıxır

İŞİD əhatə dairəsini genişləndirir, təhlükə ziyalıların da qapısını döyür



Hər hadisə yaşanmışdı, bu da oldu. Müəllim ailəsindən də İŞİD-çi çıxdı. İŞİD sıralarında çəkdirdiyi fotolarını Azərbaycandakı dostlarına göndərən Sadiq Cəbiyevin anası Müşfiqabad qəsəbəsindəki 230 saylı orta məktəbin müəllimidir. Bu xəbər həm ailələrdə, həm də tədris müəssisələrində ideoloji təbliğat işinin düzgün aparılmadığının göstəricisi hesab edilməlidirmi? Qeyd edək ki, məsələyə yanaşmalar müxtəlifdir. Bəziləri oğluna sahib çıxa bilməyən müəllimənin xalqın balalarına da sağlam təlim-tərbiyə verə biləcəyini istisna edirlər. Amma fərqli düşünənlər və övladların itirilməsinə təkcə ailənin deyil, ümumilikdə cəmiyyətdəki proseslərin səbəb olduğunda israr edənlər də var.

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında bu məsələdə bir neçə amilin rol oynadığını önə çəkdi:

- Burada məktəbin də, rayon təhsil şöbələrinin də, Təhsil Nazirliyinin də - hər kəsin günahı var. Olanlar göstərir ki, məktəblərdə ideoloji iş düzgün qurulmayıb. Şagirdlərə dini dəyərlər və onlardan istifadə düzgün anladılmır. Və bəlkə ümumiyyətlə, heç anladılmır. Şəxsən mən elə müəllimlər tanıyıram ki, əstəğfurallah, Allahı tanımırlar, deyirlər, elmim var, biliyim var, bəsimdir. İnsanda iman və inam yoxdursa, o, yolunu azacaq. Yanlışlıqlara gedəcək. Bizdə təbliğat işi zəifdir. Nə vətənpərvərlik, nə dövlətçilik, nə böyüklərə, valideynlərə hörmət hissi düzgün aşılanmır. Təlim-tərbiyə işi elə qurulmalıdır ki, fikirdə, ürəkdə boşluq yaranmasın. Boşluq varsa, oranı nəsə dolduracaq. Evdə, ailədə bu iş aparılmır, uşaq da küçədə dayananın sözünə tabe olur. Anasının, atasının sözünə qulaq asmır, küçədən keçəni özünə "rəhbər” seçir. Deməli, o insan, daha "yaxşı” təbliğat aparıb. Biz isə bu məsələdə zəifik. Şagirdin düzgün formalaşması üçün ideoloji təbliğat işi düzgün qurulmalıdır, bu məsələyə konseptual yanaşma olmalıdır. Başqa bir amil, şagirdlərin əlavə məşğuliyyətinin olmamasıdır. Dərs bitdi, uşaqlar qalır bekar, avara. Uşaqlar vaxtlarını ya internet, ya da televizor qarşısında keçirirlər. Televizorlarımızın durumu da bəllidir. Bütün günü bayağı verilişlər, yüngül-yüngül hərəkətlər edən müğənnilər, aparıcılar... Uşaq bundan yaxşı, gərəkli nə öyrənəcək? Digər amil gəncliyin işsizlik problemidir. Hər il nə qədər uşaq ailə məktəbə daxil ola bilmir. Burada təhlükəli bir hal yoxdur. Hamı ailə təhsil ala bilməz. Hamının biliyi, savadı eyni səviyyədə ola da bilməz. Amma belə şərait üçün alternativ variantlar olmalıdır. Hanı texniki peşə məktəbləri? Hanı zavodlar, fabriklər, müəssisələr. Ali məktəbə daxil ola bilməyən yeniyetmə texniki peşə məktəbində hansısa peşəyə yiyələnməlidir, işləməlidir. Bunlar yoxdursa, yeniyetmələrin işsiz-peşəsiz qalacağı da labüddür. Gəncliyin əsas problemi məşğuliyyətsizlikdir. Yad ideologiyalara meyl etmək, silahlı qruplaşmalara qoşulmalar buradan qaynaqlanır. Nə qədər ailələr var ki, uşaqlarından xəbərsizdilər. Ailələrdə valideynlərlə uşaqlar arasındakı bağlar qopub, qırılıb.

Ə.Ağayev oğlu İŞİD sıralarına qoşulmuş müəllimənin ifşa olunmasının da əleyhinədir:

- Belə ailələr bir deyil, iki deyil. Xatırlayırsınızsa, ötən dəfə MTN-in keçirdiyi əməliyyat nəticəsində 26 nəfər həbs edildi, onların arasında 15 yaşlı oğlan da vardı. Məlum oldu ki, bu uşağı öz atası Suriyaya göndərib, yol xərcini də çəkib. İndi bu ataya nə ad qoymaq olar?! Yəni, bir müəlliməni İŞİD-çi oğul "yetişdirdiyinə” görə ittiham etmək lazım deyil. Sadəcə, bu müəllimə ilə bağlı məktəbin pedaqoji kollektivi dar bir çərçivədə müzakirə aparmalı, həmin müəlliməni də müzakirəyə dəvət etməli və onunla söhbət aparılmalıdır. Amma mən bu müəllimənin ifşa olunmasının əleyhinəyəm. Bu məsələni geniş müzakirəyə çıxarıb, hamının qarşısında ittiham etmək doğru olmaz. Bəlkə bu ailənin hansısa problemləri olub, bəlkə o uşaq heç valideynlərinin sözünə qulaq asmayıb. İctimai qınaq mütləq olmalıdır, amma ifşa yox.

Bununla belə Ə.Ağayev orta məktəblərdə din fənni tədrisini lüzumsuz sayır:

- Azərbaycan dünyəvi dövlətdir və təhsilimiz də dünyəvi təhsildir. Dünyəvi tədrisin içində din tədrisi ola bilməz. Biz dini yalnız fakültativ məşğələ şəklində tədris etməliyik. Fakültativ məşğələlər olmalı və şagirdlərə dini dəyərlər başa salınmalıdır ki, onlar yanlışlığa yol verməsinlər.

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altayın fikrincə isə əsas məsuliyyət ölkədə fəaliyyət göstərən dini qurumların üzərinə düşür:

- Bilirsiz, ekstremist qruplar, silahlı birləşmələr Azərbaycanda fəaliyyət göstərə bilmir. Çünki Azərbaycan həm ərazisinə görə kompaktdır, həm dövlətçilik ənənələri güclüdür, dövlətin təhlükəsizliyi ciddi qorunur, həm də xalq da dövlətinin arxasındadır, Azərbaycan cəmiyyəti də bu cür qruplaşmalara, radikal cərəyanlara qarşı sərt mövqedədir. Amma təəssüf ki, bəzən yeniyetmələrin, tələbələrin, gənclərin radikal dini qurplaşmaların təsiri altına düşdüyünü görürük. Qanunsuz silahlı birləşmələrə qoşulanlar və onları buna təhrik edənlərlə ciddi mübarizə aparılmalıdır. Biz gözləməməliyik ki, kimsə gedib terror qruplaşmasına qoşulsun, əməliyyatlarda iştirak etsin, sonra da muzdlu killer kimi Azərbaycana qayıtsın, onu burada həbs edək. Biz gərək onun kökünü arayıb tapaq və məhv edək. Baxın, bir insanı cinayətə sürükləmək çox çətindir. Kiməsə baş kəsməyi, qan tökməyi, günahsız insanları qətl etməyi təlqin etmək üçün illərlə təbliğat aparmaq lazım gəlir. Adam öldürmək asan məsələ deyil. Bir adamı kiminsə toyuğunu oğurlamağa təhrik etmək üçün gərək 3 gün onunla söhbət aparasan. Amma bunlar insanları çox rahatlıqla qətlə yetirir və videosunu da paylaşırlar. Silahlı qruplaşmaların sırasında olduqlarını sanki böyük üstünlük sayaraq fotolarını paylaşırlar. Başqalarını da onlara qoşulmağa dəvət edirlər. Dini radikalizmi yayırlar. Onlar illərdir bu işlərlə məşğul olub. Bəs bizim dini idarə, dini komitə nə edib? İslam dinini insanlara, cəmiyyətə niyə düzgün başa salmayıblar ki, insanlar da düzgün yolunu azmasınlar?! İnsanların beyni yad ideologiyalar, xarici mentalitetlə o qədər doldurulub ki, onları yoldan çıxarmaq asanlaşıb. Bunun qarşısı alınmalıdır. Sizə deyim ki, radikal dini cərəyanlar bölgələrdə də aktivdirlər. Gəncədə, Tovuzda, Şəmkir tərəfdə belə insanlar var. Onlar yas, hətta toy mərasimlərini də öz dünyagörüşlərinə uyğun keçirirlər və bu adətləri cəmiyyətə də təlqin etməyə çalışırlar. Bu yöndə işləyirlər və kök salırlar. Onlara qarşı bizim Qafqaz Müsəlmanları İdarəsi də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də fəaliyyətlərini gücləndirməlidirlər.

İ.Altay xüsusilə gənclərlə bağlı ciddi iş aparılmasına ehtiyac olduğunu bildirdi:

- Müəllim ailəsindən İŞİD-çi, terrorçu çıxır. Bu, dəhşətdir. Müəllim, hamımızın uşaqlarını etibar etdiyi bir insandır. Görün, vəziyyət hansı həddədir ki, hətta müəllimin ailəsindən də adamın beynini "oğurlayırlar”. Həmin radikal qruplar insanların beynini bu cür zəhərləyir və nəticədə onları cinayətə sürükləyir. Bu cür halların üzə çıxması göstərir ki, gənclərlə iş çox zəifdir. Təlim-tərbiyə məsələlərində axsamalar var. Bütün aidiyyətli qurumlar - QMİ də, DQİDK də, hüquq-mühafizə orqanları da, eyni zamanda hamımız bir toplum olaraq ziyanlı, qeyri-ənənəvi dini cərəyanlara, ekstremizmi, radikallığı yaymaq istəyənlərə qarşı iş aparmalıyıq.

Məlahət Rzayeva