Aytən Ələkbərov: "Ona görə də məktəb mühiti, müəllimlərin davranışları uşaqlara mənfi təsir edə bilir. Gənclərin intiharına qarşı mübarizə məktəb rəhbərliyinin üzərinə böyük yük qoyur""Hazırda 17 yaşında gənc pasiyentim var. Sevdiyi qızı ona vermədiklərinə görə, gənc intihar etmək istəyir. Öz evimdə saxlamağa məcbur oldum"
"Yenə intiharlar çox geniş vüsət alıb”.
Bu barədə "Sherg.az”a son günlər intihar hallarının çoxalmasının səbəblərini izah edərkən psixoloq Aytən Ələkbərova deyib.
O bildirib ki, bütün təbliğatlara baxmayaraq, xüsusilə gənclər intihara meyllilikdən əl çəkmir:
"Yeniyetmələr arasında intiharlar çox yayılıb. Hazırda 17 yaşında gənc pasiyentim var. İntihara o dərəcədə meyllidir ki, öz evimdə saxlamağa məcbur oldum. Həyəcan təbili elə həddə çalınır ki, ailəm, həyat yoldaşım, oğlum da buna etiraz etmədi. Çox hallarda olduğu kimi, o da sevgi məsələsinə, sevdiyi qızı ona vermədiklərinə görə, gənc intihar etmək istəyir.
Gənclərin intiharına qarşı mübarizə tək valideynlərin deyil, məktəb rəhbərliyinin, təhsil işçilərinin də üzərinə böyük yük qoyur. Bu, birlikdə aparılacaq işdir. Bəzən evdə valideyn övladını düzgün başa salır, məktəbdə hansısa müəllim uşağa psixoloji təsir göstərir, təhqir edir. Bir neçə gün əvvəl 10-cu sinif şagirdinin valideyni müraciət edərək, qızının məktəbə getmədiyini bildirdi. Səbəb isə müəllimin həmin şagirdə sinif yoldaşlarının içərisində "başın quş yuvasına oxşayır” deməsi idi. Ona görə də məktəb mühiti, müəllimlərin davranışları uşaqlara mənfi təsir edə bilir”.
Həmin yaşlarda tibbi nöqteyi-nəzərdən bədəndə dəyişiklik baş verdiyini xatırladan psixoloq deyib ki, bu yaş xarakterindən asılı olaraq, əsəb pozuntuları da yaranır:"Nəticədə sakit uşaq qəflətən "mağara canavarı”na çevrilmiş olur. Bununla da istənilən vəziyyətdə intihar edə bilirlər.
Həmçinin, əksinə sakit, özünə qapanmış uşaqlar da intihar edə bilir. Psixologiyada bu sakitliyin ən qorxunc vəziyyəti şizofreniya xəstəliyinə yaxalanmaqdır. Şizofreniya insanları ən çox 15-25 yaş arası olur. Çünki bədəndə gedən proseslərdə cinsi istəklər artır və müəyyən pozuntular yaranır. Bu zaman çalışmaq lazımdır, valideynlər diqqətli olsun.
Son vaxtlar internetin inkişafı ilə yeniyetmələrdə qeyri-etik davranışlara yiyələnir. Ona görə, xüsusilə bu yaşlarda yeniyetmələrin aşırı, nəzarətsiz formada internetdən istifadə etməsi yolverilməzdir. Cəmiyyətdə internetin yaratdığı, Avropadan yayılan erotik xaos başlayır. Bundan ən çox ziyan çəkən isə təbii ki, uşaqlar, yeniyetmələr olur.
İndiki dövrdə azyaşlı uşaqlar çox şeydən məlumatlı olurlar. Mobil telefon və kompyuter işlətməyi bacarmayan uşaq yoxdur. İstədikləri, maraqlandıqları hər şeyi internetdən araşdırıb tapa bilirlər. Bu isə onların ali sinir sisteminə birbaşa təsir göstərir. Ona görə, valideynlər yeniyetmələrlə dost olmalıdırlar, onları dinləməlidirlər. Bu yaşda olan uşaqları idarə edə bilmirlərsə, mütləq psixoloqlara müraciət etsinlər”.
Aysel Aslan