Müğənnilər toydan daha pul qazana bilmirlər

Onlar belə getsə özlərini biznesdə sınayacaqlar



Şou-biznes sahəsi vergiyə cəlb olunandan, müğənnilərin kefinə "soğan doğranıb”. İndiyə qədər qazandıqları, kef çəkib pulla oynayan xoş günləri yavaş-yavaş, necə deyərlər, tarixə qovuşur. Toyların çox olması ilə öyünənlər, toya baha qiymətə getməklə rəqabət aparanlar indi az qala toyun yoxluğundan şikayətlənərək biri-birinin sözünə qüvvət verirlər. İndi şou aləmində "toy yoxdu, toy var?” deyib dad çəkənlərin sayı hər gün çoxalır.

Sənətçilər bu vəziyyətdən çıxış yolunu, deyəsən, şəxsi biznes qurmaqda görürlər. Bir çox sənətçilər gələcəklərini təmin etmək üçün artıq ikinci bir gəlir yeri kimi bizneslə məşğul olmağa çalışırlar.

Müğənni Vasif Məhərrəmli ailəsinin gələcəyini təmin etmək üçün bundan sonra təkcə müğənnilikdən para qazanmayacaq. Sənətçi "Şərq”ə açıqlamasında "Bəli, hər bir vətəndaş dövlətə vergi verməlidir. Biz vergi vermirik demirik ki? Amma bunun da bəlli bir yolu olmalıdır. Əvvəla, nəzərə almaq lazımdır ki, bizim müğənnilər diskdən, konsertdən pul qazanmırlar. Qazanc yerimiz bir toydur. O pula da həm ailəmizi dolandırırıq, həm mahnı alırıq, onun aranjimanı filanı da yetərincə vəsait tələb edir. Heç kim də bilməsə, siz jurnalistlər ən azı bizim yaradıcılığımızdan xəbərdarsız. Bir mahnının ortaya çıxması üçün ən azı 5 min manat tələb olunur. Müğənni efirdə, mərasimlərdə, cəmiyyət arasında olur. Ona görə də həmişə formada olmalıdır. Səhnə geyimlərimizə də vəsait tələb olunur. Hələ başqa işləri demirik. Biz toydan qazandığımızın hamısını evimizə aparmırıq ki? Birdəki, bura Azərbaycandır. Bizim millətin öz adət-ənənəsi, qayda-qanunları var. Hansı məclisdə iştirak etməyimizdən asılı olmayaraq bunun üçün vergi ödəməyimizi tələb edirlər. Deyir filan restoranda görüntüləriniz var. Ya harda, bəli, biz toylara gedirik. Amma bu toyların sırasında yaxınlarımız, dost tanışlarımız var. İndi nə deyirsiz, qohum toyuna gedəndə oxumayaq? Ya dostumuzun məclisinə qatılanda vergi verəcəyik deyə səhnəyə çıxmayaq, toy sahibini təbrik etməyək? Bu nə qədər düzgündür? Axı dosta deyə bilməzsən ki, mən toyuna gəlsəm, vergi ödəməliyəm, ona görə sən Allah, məni üzrlü say. Elə media nümayəndələrinin, jurnalistlərimizin, televiziya işçilərinin özlərinin, yaxınlarının da toylarına təmənnasız gedib oxuyuruq. Bunları nə edək? Buna görə də vergi ödəməliyəm? Vallah belə olmaz. Qaldı müğənnilərin bu qədər sıxılması, sənət adamlarını bundan sonra başqa sahədə də çalışmasına, mən tam belə deməzdim. Sadəcə müğənnilər görür ki, ailəni təkcə toyla dolandırmaq çətindi. Ona görə də bəziləri bizneslə məşğul olmağa başlayıblar. Mən də bundan sonra şəxsi biznesimi qururam. Yaxın müddətdə bu barədə daha geniş açıqlama verəcəm, ailəmin sabahını düşünərək, onların gələcəyini təmin etmək üçün başqa bir sahədə də çalışmaq məcburiyyətindəyəm. Artıq qısa zaman ərzində mən həm də biznesmen kimi fəaliyyətə başlayıram. Bu sahədə uğur qazanacağıma da tam əminəm. Çünki professional səhnəyə gəlməzdən öncə, hələ tələbəlik illərində, Konservatoriyada oxuyarkən kiçik bizneslə məşğul olmuşam. Ona görə də bu sahədən xəbərim var. Yaxın müddətdə geyim mağazalarımın açılışı olacaq. Yəni şəbəkə şəklində geyim mağazalarım fəaliyyət göstərəcək”.

Müğənni Nazənin də son vaxtlar sənət adamlarının biznesə girişdiklərindən danışdı. "Bundan sonra müğənnilər şəxsi bizneslə məşğul olmağa çalışacaqlar. Bəli, bəziləri buna məcbur qalırlar. Neyləməlidirlər? Ailələrini də dolandırmalıdırlar, yaradıcılıqlarına da pul xərcləməlidirlər. Mənim öz şəxsi biznesim yoxdu. Ancaq həyat yoldaşımın biznesi var. Yəni ailə biznesimiz var. Yoldaşımın biznesi elə mənim də biznesim sayılır. Amma çox istərdim ki, gələcəkdə qadın klubu yaradım. Belə bir məkan açmaq arzum var. Qadınlarımız övladları ilə həmin klubda istirahət edə bilsinlər. Həm uşaqları asudə vaxtlarını maraqlı keçirsinlər, həm də qadınlar bu klubda rahat istirahət edə bilsinlər. Bir də ailəvi restoran işlətmək istərdim. Ləziz yeməklər adı ilə cənub bölgəsinə aid dadlı təamları müştərilərə təqdim edək. Restoran işlədə bilərəm. Bir də salon işlədə bilərəm. Bu sahədə də bacarığım var”.

Əməkdar artist Nüşabə Ələsgərli: "Mən vaxtilə bizneslə də məşğul olmuşam. Amma artıq heç bir şəxsi biznesim yoxdur. Müğənnilikdən əlavə Mədəniyyət və İncəsənət universitetində müəllimə kimi çalışıram. Pedaqoq kimi fəaliyyət göstərirəm. Başqa bir sahədə çalışmaq niyyətim də yoxdu”.

Əməkdar artist Ədalət Şükürov: "Dövlətə vergi ödəmək vacibdi. Amma bu sahədə boşluqlar çoxdu. Toya getdim, getmədim, ordan qonorar əldə etdim ya yox, vergi ödəməliyəm. Bu, düzgün deyil. Mən dost məclisində iştirak edə bilərəm, çıxıb bir mahnı da ifa edə bilərəm. Əgər bu görüntü vergi əlinə düşübsə, indi bunun üçün vergimi ödəməliyəm? Bu, bir az düzgün deyil. Bizneslə məşğul olmağa gəlincə isə hazırda heç bir biznesim yoxdur. Əvvəllər bizneslə məşğul olmuşam. Amma indi başqa bir gəlir yerim yoxdu. Bəlkə də gələcəkdə nə vaxtsa yenidən bizneslə məşğul ola bilərəm. Amma indi ancaq müğənni kimi fəaliyyət göstərirəm”.

Tahirə