Müharibə hər an alovlana bilər
Bir neçə gündür cəbhə xəttində müşahidə olunan atəşkəs pozuntusu hələ də hökm sürməkdədir. Təmas xəttində vəziyyət getdikcə gərginləşir. Mənfur düşmənin isə təxribatları bitib-tükənmək bilmir. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər provokasiyalara əl atıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb:
"Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var. Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər”.
Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatların tam yalan və dezinformasiya xarakteri daşıdığını və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmədiyini vurğulayan nazirlik cəbhədə baş verənlərə dair həqiqəti xalqdan gizlətmədiklərini xüsusi olaraq qeyd edib.
Qeyd edək ki, 2015-ci ildə Qarabağda savaşın başlanacağına dair çoxsaylı proqnozlar verilib. Davam edən gərginlik fonunda proqnozlar özünü doğrulda bilərmi, Qarabağda yenidən savaş başlaya bilərmi?
Rusiyalı politoloq Vitali Arkov da öz açıqlamasında Rusiyanın regionda müharibə ocağını alovlandıracağını istisna etməyib. Onun sözlərinə görə, Qərb Rusiya ilə sərhəddə ikinci
gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il verdiklərini vurğulayan politoloq bildirib ki, sözügedən gərginlik Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər: "Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük. Xüsusən də, Dağlıq Qarabağda yeni müharibənin baş verməsi ehtimalı yüksəkdir. Biz Qarabağda müharibənin ilkin elementlərini müşahidə edirik. Qoşunların təmas xəttində hər gün ciddi toqquşmalar baş verir”. V.Arkov II Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını düşünür: "Ermənistan bütün göstəricilərə görə Azərbaycana uduzur. Bakı heç bir zaman itirilmiş torpaqlarını geri qaytarmağa indiki kimi həvəsli olmayıb. Çünki bir həmlə ona bu şansı verəcək. Lakin Azərbaycan təcavüzə məruz qalan ölkədən təcavüzkar ölkəyə çevrilmək istəmir. Onsuz da dünyada erməni lobbisi kifayət qədər güclüdür və indiyə qədər məhz onların fəaliyyəti nəticəsində bir çox həqiqət yanlış təbliğ olunub. Digər tərəfdən, Bakıda müharibə baş verərsə, Rusiyanın Ermənistan tərəfindən çıxış etməyəcəyinə dair əminlik yoxdur. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi Ermənistanı müdafiə etməyi tələb edir. İkincisi, heç kim Kremlin Şərqi Ukrayna təcrübəsindən yararlanmayacağına zəmanət verə bilməz. Yəni Moskva öz vətəndaşlarının mümkün müharibədə muzdlu olaraq döyüşməsinə göz yumacaq”.
"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə isə "Şərq”ə açıqlamasında qeyd edib ki, cəbhədəki gərginliyin artmasında hədəf Azərbaycan yox, məhz Amerikadır. Politoloq şübhə etmir ki, cəbhədəki gərginliyin arxasında Moskva dayanıb: "Kreml açıq şəkildə qərbə uduzub və bu səbəbdən də Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Yəni ki, Rusiya Ukraynadakı uğursuzluqlarını görərək Qərbə meydan oxumaq və Qərbin Azərbaycandakı maraqlarına zərbə endirmək istəyir. Cəbhədə vəziyyətin gərginləşməsi də Kremlin Qərbə mesajıdır. Rusiya burdakı vəziyyəti gərginləşdirərək demək istəyir ki, mən sizin Cənubi Qafqazdakı maraqlarınıza zərbə vura bilərəm. Bütün cəbhə xəttində atəşkəsin pozulması məhz bununla əlaqədardır. Cəbhədəki gərginliyin müharibə fazasına keçəcəyini isə güman etmirəm. Hər halda bu, bir xəbərdarlıq anonslarıdır. Cəbhə xəttinə rəhbərliyi Moskva edir, bu, yüz faiz belədir, ermənilər bunu dəfələrlə təsdiqləyib. Erməni ordusu Rusiyanın ordusunun bir hissəsidir. Ona görə burda nə baş verirsə, birbaşa Rusiyanı ittiham etmək lazımdır”.
V.Quluzadə hesab edir ki, Azərbaycan hər an düşmən hücumundan müdafiə olunmaq üçün tam hazırlıqlı olmalıdır.
Politoloqun qənaətincə, Azərbaycan dərhal düşmənin cəbhə boyu hücum və təxribatları barədə beynəlxalq təşkilatlara müraciət etməli, BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılması ilə bağlı müraciət etməlidir: "Rəsmi Bakı indiyə qədər niyə bu müraciəti etməyib, mən buna təəccüb edirəm. Düzdür, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Fransa və ABŞ-ın məsələyə münasibəti bəllidir, odur ki, fövqəladə toplantının çağırılacağı inandırıcı deyil. Üstəlik də bunların xristian Ermənistanına qarşı bir simpatiyası var. Amma istənilən halda Bakı üzərinə düşəni etməli, diplomatik qaydada bütün addımları atmalıdır. Üstəlik də Azərbaycan əsgəri baxımdan hər şeyə hazır olmalıdır”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, cəbhədəki gərginlik Ermənistanın daxili auditoriyasına hesablanıb: "Cəbhə xəttində müşahidə olunan vəziyyət onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ məsələsi və Azərbaycana qarşı torpaq iddiasından əl çəkmək istəmir. Qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarında öz silahlı qüvvələrini saxlamaqda davam edir və həmin qüvvələr gün ərzində bir neçə dəfə mövqelərimizə hücum edərək lokal döyüşlərə zəmin yaradırlar. Bütün bunları etməkdə düşmənin məqsədi isə Ermənistan cəmiyyətinin diqqətini ölkənin taleyüklü problemlərindən yayındırmaqdır. Qarabağ dalğasında hakimiyyətə gələn siyasətçilər bu gün Ermənistanın heç biri problemini həll edə bilmirlər. Ölkədə sosial vəziyyət acınacaqlı gündədir, iş yerlərinin sayı getdikcə azalır, qonşu dövlətlərlə iqtisadi əlaqələr kəsilib. Bütün bu problemlərin həllinə çalışmaq və onların yaranma səbəbləri ilə bağlı cəmiyyətə hesabat vermək əvəzinə, patriatizm əhval-ruhiyyəsi ilə hakimiyyətdə qalmağa çalışırlar. Onlar Ermənistanın Dağlıq Qarabağ probleminin həllində aparıcı mövqedə olduğuna dair görüntü yaratmaqla ölkədəki bütün çətinlikləri bununla bağlamaq istəyirlər”.
Ermənistan rəhbərliyinin bu cür provokasiyalardan beynəlxalq aləmdə Azərbaycana qarşı istifadə etdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, bütün bunların arxasında da erməni lobbisi dayanıb: "Ermənilərin beynəlxalq aləmə təsir imkanları hər nə qədər güclü olsa da, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Milli ordumuz erməni təxribatlarının qarşısını alır və ermənilərə layiqli cavablarını verir. Rəsmi məlumatlardan da göründüyü kimi, cəbhədəki döyüşlərdə məhv edilən erməni əsgərlərinin sayı Azərbaycanın itkilərindən qat-qat çoxdur”.
Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin alovlanmasında Rusiya faktorunun olmasına gəldikdə isə millət vəkili bunun inandırıcı olmadığını deyib: "Rusiyanın bu gün Azərbaycanla Ermənistanı toqquşdurmaqda heç bir marağı yoxdu. Azərbaycanla Rusiyanın münasibətləri kifayət qədər yüksək səviyyədədir və Rusiya bizə dost ölkədir. Rusiyanın indiki çətin anına rəğmən onunla dost münasibətlərini saxlayan Azərbaycana qarşı Kremlin bu cür addımlar atmasını ehtimal etmirəm”.
Son günlər cəbhədə artmaqda olan döyüşlərin genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsinə gəldikdə isə A.Mirzəzadə Azərbaycanla Ermənistan arasında müharibə ehtimalının hər an gözlənilən olduğunu deyib: "Cəbhədə gedən döyüş əməliyyatları istənilən an genişmiqyaslı qarşıdurma ilə əvəzlənə bilər. Bütün bunlara cavabdeh olan tərəf isə Ermənistandır. Çünki Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu sübut edib və bu istiqamətdə müvafiq addımları da sərgiləyib”.
Şəymən