Azərbaycan səmərəsiz Qarabağ danışıqlarında vaxt itirmək istəmir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2018-ci ilin ilk görüşü reallaşdı. Yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Polşanın Krakov şəhərində bir araya gəldilər. Müzakirələr ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə aparıldı. Ancaq Ermənistanda siyasi rəqabətin qızışması, üstəlik, münaqişənin həllinə vasitəçilərin qeyri-səmimi yanaşması fonunda bu görüşdən də pozitiv gözlənti olmadı.
Həmsədrlər müəyyən "kreativ” təkliflərdən söz açsalar da, əslində ortada heç bir yeniliyin olmadığı üzə çıxdı. Şübhəsiz ki, Sarkisyan rejimi hazırda Dağlıq Qarabağ konflikti ilə bağlı hansısa irəliləyişi şərtləndirən güzəşt hayında deyil. Danışıqlar ərəfəsində, hətta görüş günü belə qoşunların təmas xəttində gərginlik səngimədi, əksinə, artdı. Erməni silahlı qüvvələri atəşkəsi şiddətli şəkildə pozdular və nəticədə Azərbaycan tərəfi şəhid verdi. Düşmən tərəfin təxribatı bir daha göstərdi ki, Sarkisyan rejimi danışıqlar prosesinin pozulmasında maraqlıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi yüzlərlə səmərəsiz görüş keçiriblər. Ancaq ekspert bəyan edib ki, indiki şəraitdə görüşlər təşkil etmək və mesajlar vermək problemi həll etmir. Bu, imitasiyadan başqa heç nə deyil:
"Elə buna görə də, Azərbaycan həmsədrlərə tam mənada etimad göstərmir. Həmsədrlərin görüşü ərəfəsində Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi ilə bağlı təklifi Bakının maraqlarına daha çox uyğundur. Mərhələli planda ilk növbədə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, daha sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin müzakirə edilməsi öz əksini tapır. Bu plan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. Azərbaycan tərəfi dəfələrlə bu mövqeyi irəli sürsə də, Ermənistan buna problemlər yaradır”.
Analitik bildirib ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və 25 ildən artıqdır ki, Ermənistan problemin həlli ilə bağlı heç bir kompromisə getmir. İndiki məqamda məsələnin iki həll variantı var. Ya Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməlidir, ya da Minsk Qrupunun həmsədrləri İrəvana təzyiq göstərməlidir: "Lavrovun sonuncu açıqlamasını İrəvana təzyiq kimi dəyərləndirmək mümkündür. Lakin burada bir məsələyə diqqət yetirmək lazımdır. Azərbaycan və Ermənistan XİN başçılarının görüşü öncəsi rusiyalı diplomatın belə fikirlər irəli sürməsi təsadüfi deyildi. Lavrov nazirlərin görüşü öncəsi yumşaq mühit yaratmaq istəyirdi. Həm də Kreml tərəflərin nəzərinə çatdırır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanın əsas vasitəçi olmasına etiraz etmirlər. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı açar dövlət hesab edir. Rusiya isə bu istiqamətdə fəaliyyətini Minsk Qrupu çərçivəsində davam etdirir. Lakin həmsədrlər onu da anlamalıdır ki, münaqişə həll olunmadan atəşkəsin qorunması mümkün deyil. Belə vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan səmərəsiz görüşlərdə vaxt itirmək fikrində deyil”.
İsmayıl