İlahiyyat İnstitutunun yaradılması ölkədə dini təhsilin inkişafına təkan verə bilər
Bakıda yeni İlahiyyat İnstitutu fəaliyyət göstərəcək. Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə İlahiyyat İnstitutu təsis etmək tapşırılır. Yeni institut DQİDK-nin tabeliyində olacaq. Təhsil Nazirliyi isə Bakı Dövlət Universitetinin fəaliyyəti dayandırılmış İlahiyyat fakültəsinin İlahiyyat İnstitutunun strukturuna daxil olmasını təmin etməlidir.
İlahiyyat İnstitutunun yaradılacağı xəbərinə münasibətlər fərqlidir. Məlumdur ki, hazırda Bakı İslam Universiteti fəaliyyət göstərir. Universitet dinşünaslıq, dinlərin tarixi və islamşünaslıq ixtisasları üzrə kadr hazırlığı ilə məşğuldur. Bəs İlahiyyat İnstitutunda hansı ixtisaslara yer veriləcək, fəaliyyət istiqamətləri nə olacaq? Təbii ki, sualın cavabının tam aydın olması üçün institutun bir müddət fəaliyyət göstərməsi gərəkir. Nəyin necə olduğu da o zaman bilinəcək. Hələliksə, mülahizələr səslənməkdədir. Və əsasən də müsbət yönlü mülahizələr. Yeniliyə, təzələnməyə açığıq, ondan.
İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında bildirdi ki, yeni İlahiyyat İnstitutunun yaradılması ölkədə dini təhsilin inkişafına təkan verə bilər:
- Məlumdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu da fəaliyyət göstərəcək. Hesab edirəm ki, İlahiyyat İnstitutunun da DQİDK-nin tabeliyində fəaliyyət göstərməsi milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinin məntiqi davamıdır. Belə bir institutun yaradılması ilə dini təhsilin inkişafına nail oluna bilər. Düşünürəm ki, burada əsas istiqamət elmlə dinin birləşdirilməsi, elmlə dinin vəhdətdə öyrənilməsi olacaq. Üstəlik, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin də bu institutun strukturuna daxil ediləcəyi müsbət haldır. Çünki BDU-nun İlahiyyat fakültəsi uzun illər fəaliyyət göstərmiş təhsil ocağı olaraq artıq konkret bazaya malikdir. Bu bazadan istifadə etmək, pedaqoji kollektivin təcrübəsindən yararlanmaq məncə, yaxşı olardı.
"Bakı İslam Universiteti ilə İlahiyyat İnstitutunun yolları haradasa "kəsişə” bilərmi” sualına cavabında isə H.A.İsmayılov bu iki tədris müəssisəsinin biri-birinə mane olmayacağını düşündüyünü bildirdi:
- Bakı İslam Universitetində təhsil ödənişlidir. Biz (H.A.İsmayılov Bakı İslam Universitetinin məzunudur - red.) təhsil aldığımız illərdə təhsil haqqı illik təqribən 500 dollar idi. İndi nə qədərdir, bilmirəm. Təhsil ödənişli olduqda, maddi imkansız tələbələr üçün çətinlik yaradır. Dini təhsil almaq istəyənlər məhz maddi imkansızlıqdan arzularını gerçəkləşdirə bilmir. Belə olduqda, bəziləri xarici ölkələrin ödənişsiz dini təhsil verən tədris ocaqlarını seçməli olurlar. Bəzən bunun mənfi təsirləri də görünür. Bildiyim qədər İlahiyyat İnstitutunda ödənişsiz təhsil olacaq. Bu isə dini təhsil almaq istəyənlər üçün əlavə imkandır. Bu baxımdan İlahiyyat İnstitutunun yaradılması müsbətdir.
Məlahət Rzayeva