Murad Dadaşovda günah yoxdur

Bu verilişlər Azərbaycan cəmiyyətinin rentgen şəklidir
80-ci illərin televiziyası indikindən yaxşı idi


"Milli-mənəvi dəyərlər” ifadəsi getdikcə dəyərdən düşür. Zaman-zaman gah hansısa rəsmi tədbirlərdə, gah da ayrı-ayrı şəxslərin dilindən milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi vurğulanır. Amma hər dəfə də əksinin şahidi oluruq. Sübut, televiziyalarımızdı. Azərbaycan efirində daha nələr deyilməli, daha nələr baş verməlidir ki, ciddi ölçü götürülsün?! Bir-iki veriliş qapatmaqla çətin ki, dəyərlər təkrar dəyər qazansın. Çünki qapadılan verilişləri, son verilən tele-layihələri əvvəlkindən də bərbadı əvəz edir.

Efirdə artıq küçə də deyil, tin, dalan söhbətləri, dava-dalaş, söyüş, təhqir, lağlağı baş alıb gedir. "5-də 5”in aparıcısı Zaur Kamal sanki şou əhlini verilişinə ələ salmaqdan ötrü çağırır. Kobud danışıq tərzi, özündən razı davranış. Qarşısındakını hər addımda alçaltmaq cəhdi. Verilişin qonağı nə barədəsə danışır, aparıcı telefonu ilə məşğuldur, nə bilim, mesaj oxuyur, instaqrama baxır. Sonra da birdən ayılır "həə, nə deyirsən?!”. Verilişin ötən sayında müğənni Mətanət Əsədova ilə Zaurun dialoquna nə ad vermək olar, qoy özləri müəyyənləşdirsin.

Qanun mənəvi dəyərləri qorumursa, bəs nəyi qoruyur?

Zaur Kamalın verilişi sözarası yada düşdü. Əsas mövzu "Maşın-şou”dur. Səbəb isə kadraxası görüntülərin siqnallarla - "biib-biib”lərlə zənginliyi, canlı yayımda da iştirakçıların biri-birilə kobud, hətta təhqir dili ilə danışmasıdır. Və daha qəribəsi Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin bu vəziyyətə reaksiyasıdır. APA-nın məlumatına görə, "Maşın-şou” ilə bağlı MTRŞ-nin hansı addımları atacağı barədə sualı N.Məhərrəmli belə cavablandırıb: "İstərdik ki, bütün şou xarakterli verilişlərdə milli-mənəvi dəyərlər qorunsun. Əgər "Maşın-şou”da qanun pozuntusu olarsa, biz ciddi şəkildə onlara qarşı tədbirlər görəcəyik. Amma hazırda baş verənlər qanun pozuntusu deyil. Çox təəssüf ki, verilişlər aşağı səviyyədədir, qanun isə aşağı səviyyədə olan verilişlərə icazə verir. Çalışmaq lazımdır ki, keyfiyyətli verilişlər ortaya qoyaq”. Deməli, N.Məhərrəmli qanuna istinad edir. Həm də, deməli, qanunda milli-mənəvi dəyərlərin qorunması şərt kimi qoyulmayıb. Eləmi?! Ona görə də kim nə istəyir danışır, necə istəyir davranır, istəyir soyunur, istəyir geyinir, istəyəndə lap söyür də. Bunun adını bəs nə qoyaq? Başıpozuqluq?!

Söyüş eşitmək xoşumuza gəlir?

Qəribə olan təkcə bu da deyil. "Biib... biib”lərlə zəngin verilişin "youtube”də ən çox izlənməsidir. Yəni, bizim camaat söyüşə beləmi hərisdir?

Mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən televiziya mütəxəssisi Zeynal Məmmədli realiti-şoular üçün dramatik situasiyaların xarakterik olduğunu dedi:

- Dünya televiziyalarında realiti-şoularla bağlı böyük təcrübələr var. Dramatik situasiyalar realiti-şouların xarakterik cəhətidir. Amma şou iştirakçıları özlərini necə aparır, davranışları necədir, bu, artıq ssenarinin gedişindən asılıdır. Bəzən situasiya o qədər dramatikləşir ki, istər-istəməz seyrçi gözünü efirdən ayırmır. Ciddi realiti-şoular var, amma bizdəki kimi yoxdu. Şəxsən mən aparıcı Muradda günah görmürəm. O istəyir, maraqlı nəsə olsun. Kadrarxası danışıqlar o qədər mənasız, məzmunsuz olur ki, bəlkə də çalışır "biib-biib”lərlə verilişi canlandırsın. Həddindən artıq məişət səviyyəli danışıqlar, həddindən artıq aşağı mətbəx söhbətləri, qeyri-etik davranışlar, kobudluq... O kadrlar guya iştirakçıların xəbəri olmadan çəkilir. Əslində isə bütün iştirakçılar bilir ki, onlara kənardan nəzarət var, çəkiliş aparılır. Kadr arxasında da özlərini elə apara bilərlər ki, sonradan utanmasınlar. Və ya siqnal səslərinə ehtiyac qalmasın. Amma reallıq budur. Bu verilişlər Azərbaycan cəmiyyətinin rentgen şəklidir. Cəmiyyətimizin real mənzərəsidir. Reytinqə gəlincə, bizdə "reytinq ölçən cihazlar” da düzgün işləmir. İnkar etmirəm, o verilişlərə baxanlar var. Ancaq bu, ümumi səviyyəni əks etdirmir.

Doğrudur, deyirik, televiziya məktəb deyil, universitet deyil. Amma əyləncə də keyfiyyətli deyil axı

Z.Məmmədli MTRŞ-nin vəziyyəti nisbətən də olsa düzəltmək imkanlarının mövcudluğundan da danışdı:
- MTRŞ keyfiyyətli verilişlər üçün müsabiqə elan edə bilər. Tender keçirə bilər. Yaxşı layihələr maliyyələşdirilər və populyarlaşar. Bununla da keyfiyyətsiz verilişlərin bazarı bağlanar. Daha yaxşı, keyfiyyətli telelayihələr hazırlamaq, yaxşı nümunələr ortaya qoymaq lazımdır. Bizim əsas problemlərimiz reklam bazarı ilə bağlıdır. Baxın, Avropada keyfiyyətli telelayihələrin büdcəsi milyonlarla ölçülür. Nəhəng vəsaitlər sərf olunur verilişlərə, layihələrə. Çünki sərf etdikləri vəsaiti reklam sayəsində geri alacaqlarını bilirlər. Reklam bazarı xərcləri təmin edir. (Məsələn, "O səs Türkiyə”də münsiflərin həftəlik qazancı 80-100 min TL təşkil edir. Həftəyə təqribən 40-50 min manat. Bunu Azərbaycan efiri üçün düşünmək ağlasığmazdır -red). Niyə Avropada məşhur telelayihələr Azərbaycanda sönük alınır? Çox pis, aşağı səviyyəli "kopirovka” təsiri bağışlayır, çünki o büdcə bizdə yoxdu. Reklam bazarı şəffaf deyil. Üstəlik, uyğun komanda tərtib olunmur, yaradıcı heyətə düzgün adamlar seçilmir. Yaradıcı insanlar, həqiqi peşəkarlar qalır kənarda, aidiyyətsiz adamlar komandada yer alır.
Z.Məmmədli hətta 1980-ci illərin televiziyasının indikindən qat-qat maraqlı olduğunu bildirdi:
- 80-ci illərdə televiziyada plüralizm, söz azadlığı olmasa da, aydınlatma, maarifləndirmə baxımından daha maraqlı idi. Heç olmasa, bir istiqamətdə keyfiyyət göstəricisi vardı. İndi isə istiqamətlər tamam pozulub. Doğrudur, deyirik, televiziya məktəb deyil, universitet deyil. Amma əyləncə də keyfiyyətli deyil axı. 

Heç olmasa, əyləncəli verilişlər, şou proqramlar keyfiyyətli olsun. Bu da yoxdursa, o zaman televiziya nəyə xidmət edir? Əgər verilişdən-verilişə inkişaf olmayacaqsa, bu, bizim televiziyanın faciəsi olacaq.

Məlahət Rzayeva