Müsavat “Məhsul”a 300 nəfər toplaya bildi

Səxavət Əlisoy isə bunu mitinq yox, Arif Hacılının piketi adlandırdı




Ötən gün Müsavat Partiyası "Məhsul” stadionunda icazəli mitinq keçirib. Amma budəfəki mitinqə toplaşanların sayı əvvəlki illərə nisbətən çox az olub. Ümumiyyətlə, son dövrlərdə müxalifət mitinqlərə olduqca az adam toplaya bilir. Bunun səbəblərini izah edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, mitinqin təşkilatçılarının aktivliyi ilə yanaşı, xalqın da bu proseslərdə fəal olması zəruridir.

Partiya rəhbərinin sözlərinə görə, əgər partiyaların və siyasi təşkilatların sosial bazasından sifariş gəlmirsə, mitinqlərin təşkil edilməsi düzgün deyil: "Bütün dünyada qəbul edilib ki, siyasi partiyalar olmadan belə, xalqda tələbat yaranırsa, minlərlə insan özü aksiya keçirəcək. Bununla bağlı çoxlu sayda nümunə göstərmək olar”. ADP sədrinin fikrincə, mitinqlərə onu təşkil edənlərin tələbləri baxımından yanaşılması Azərbaycan müxalifətinin yanlış cəhətlərindən biridir: "Mitinqlərin zəif olmasının digər səbəblərindən biri də, Azərbaycanda vətəndaş institutlarına qarşı aparılan siyasətlə bağlı cəmiyyətin özündə ciddi narazılığın olmamağıdır. Bunun da əsas təqsirkarı elə həmin qeyri-hökumət təşkilatlarıdır. Vətəndaş institutları partiyadan fərqli olaraq cəmiyyətlə daha çox təmasda olmalıdır”.

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da partiyanın mitinqini biabırçılıq adlandırıb: "Müsavat insanları bir daha xəyal qırıqlığına uğratdı. Mən bunu mitinq yox, sadəcə, Arif Hacılının piketi adlandırardım. Mitinq bir daha onu sübut etdi ki, Arif Hacılı son 20 il ərzində Müsavat Partiyasının bütün təşkilati işlərinə bu cür rəhbərlik edib. Həmişə olduğu kimi A.Hacılı burada da saxtakarlığa yol verib. Mitinq iştirakçılarının sayını 1500 nəfər deyirlər. Halbuki, stadionda vur-tut 200-300 nəfər insan var idi. Onların da 70 faizi partiyanın "xəyanətkar” adlandırdığı insanlardan ibarət idi. Təəssüflər olsun ki, Arif Hacılının zehniyyətinə uymuş yazıq müsavatçıları rəzil günə qoydular”.

İsmayıl