Müsəlmanlara qarşı səlib yürüşü...

Avropa bir azğınlıq çağını yaşayır
İslami dəyərlər bəlkə bu məsələlərdə hələ işğal edilməmiş son qaladır


Məlum olduğu kimi, martın 15-də Yeni Zelandiyadakı Əl-Nur və Linvud məscidlərinə silahlı hücum təşkil edilib. Hücumu avstraliyalı terrorçu Brenton Tarrant həyata keçirib. 10 dəqiqə aralıqla baş verən terror aktları nəticəsində 3 yaşdan 77 yaşadək 50 nəfər müsəlman öldürülüb. 40-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yeni Zelandiyanın baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri adlandırıb. Dünyanın əksər ölkəsinin rəhbərləri də qanlı terror aktını pisləyiblər və bu cür hadisənin yolverilməz olduğunu bəyan ediblər.

Terrorun əvvəlcədən planlaşdırıldığı bildirilir...

Hadisə ilə bağlı aşkarlanan bəzi detallar diqqətçəkicidir. Terror hücumundan əvvəl Tarrant Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkeli öldürməyə çağırış edib. Terrorçuların atəş açdığı avtomatın qundağında isə erməni dilində "Sarıqamış hərəkatı”, "Vyana 1683” və bir sıra adlar yazılıb. 1453-cü ildə Osmanlı tərəfindən alınan İstanbulun yenidən xristian yurdu Konstantinopol olacağı iddia edilib. Həmçinin, Tarrantın ağdərili irqçi olduğu, teraktdan öncə yazdığı manifestdə müsəlmanlara qarşı fikirlər söylədiyi vurğulanıb. Avstraliya polisi Nyu Saus Uels ştatının şəhərlərində axtarış aparıb. Axtarış şübhəli silahlının böyüdüyü evlərdə aparılıb. Amma o, son on ilin böyük hissəsini ölkədən kənarda keçirib. Bir sıra ekspertlər cinayətin müəyyən qruplar tərəfindən əvvəlcədən planlaşdırıldığını deyirlər. Narahatedici məqam isə odur ki, olayın ardından bir sıra arzuolunmaz proseslər yaşanmaqdadır. Sanki müsəlmanlara qarşı hücuma keçilib. Avropa ölkələrində, Londonda müsəlmanlar hədəf seçiliblər. Müsəlmanların da qisas almaq üçün müəyyən cəhdlərə yol verdikləri vurğulanır.

Terror aktının videogörüntüləri "Facebook” sosial şəbəkəsindən pozulub

"Facebook” sosial şəbəkəsinin Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik deyib ki, video "Facebook” sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə onları məlumatlandırıb: "Biz təxirə salınmadan Brenton Tarrantın "Facebook” və "Instagram” akkauntlarını, həmçinin həmin videoları pozmuşuq”. "Twitter” sosial şəbəkəsi də həmçinin atıcının akkauntunu bağlayıb və terror aktının videosunu pozmaq üçün tədbirlər görüb. "Google” nümayəndəsinin sözlərinə görə, onlar videonun "YouTube” videohostinqindən tam silinməsi üçün çalışırlar. Yeni Zelandiya polisi də terrorçu tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət edib.

Yeni Zelandiya hökuməti silah haqqında qanuna düzəlişləri dəstəkləyib

Yeni Zelandiyanın baş naziri Casinda Ardern hökumətin Christchurch şəhərində törədilən terror aktı ilə əlaqədar silah haqqında qanuna düzəlişləri dəstəklədiyini bildirib. Ardern hələlik qanuna düzəlişlərin detallarını açıqlamayıb. Baş nazir, həmçinin faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunacağını desə də, onun nə vaxt baş tutacağını dəqiqləşdirməyib.

Roma Papası bütün inanclı insanları dualarında birşləşməyə çağırıb

Roma Papası Fransisk Yeni Zelandiyada məscidlərdə baş vermiş terror aktları üzündən kədərləndiyini bəyan edib və inanclı insanları zorakılığa qarşı mübarizəyə səsləyib. Papa Vatikanda ənənəvi moizə zamanı hadisə nəticəsində ölən və yaralananlara, eləcə də onların yaxınlarına görə dua etməyə çağırıb. O, "müsəlman qardaşlara” yaxın olduğunu deyib və bütün inanclı insanları dualarında birşləşməyə çağırıb.

Yeni Zelandiyada terror aktı törətmiş cinayətkar iki dəfə Türkiyədə olub

Yeni Zelandiyada törədilmiş terror aktının ehtimal olunan icraçısı iki dəfə Türkiyədə olub. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Yeni Zelandiyada terror aktı törətmiş cinayətkar Türkiyədə ilk dəfə 3 gün, ikinci dəfə isə 40 gün qalıb. Onun Türkiyədəki əlaqələrini müəyyən etmək üçün təhqiqat aparılır”. Ərdoğan qeyd edib ki, terrorçular hətta Yeni Zelandiyada belə türk xalqının birliyi və öz dəyərlərinə sadiqliyi ilə barışa bilmirlər: "Onlar öz silahlarına səlib yürüşləri və Vyana döyüşü iştirakçılarının adlarını həkk ediblər. Necə olur ki, dünyanın o biri başında yaşayan cinayətkar müsəlmanlara və türklərə bu qədər nifrət bəsləyir?”.

NATO Yeni Zelandiyada törədilmiş terror aktını kəskin qınayıb

NATO-nun baş katibi Yens Stoltenberq Yeni Zelandiyada iki məscidə silahlı hücumu kəskin qınadığını bəyan edib. Baş katib bununla bağlı "Twitter” hesabında yazıb: "Yeni Zelandiyada baş vermiş hadisəni kəskin qınayırıq”.

Yeni Zelandiyada terror törədən şəxs vəkildən imtina edib: "Zehni problemlərdən əziyyət çəkənə oxşamır”

Yeni Zelandiyada iki məsciddə kütləvi qırğın törətməkdə ittiham olunan 28 yaşlı avstraliyalı məhkəmənin təyin etdiyi vəkildən imtina edib, özünü müdafiə edəcəyini bildirib. Məlumatı Brenton Tarrantı hazırlıq iclasında təmsil edən Riçard Peters verib. Vəkilin martın 18-də "Frans Pres”ə bildirməsinə görə, həmin şəxs vəkil istəmədiyini deyib: "O, özünü rasional şəkildə təqdim edib, zehni problemlərdən əziyyət çəkənə oxşamır. Elə görünürdü. Nəyin baş verdiyini dərk edən kimi görünürdü”.

Brenton Tarrant tək deyil...

Terror hadisəsini həyata keçirən Brenton Tarrantdan başqa, 18 yaşlı bir nəfər də Yeni Zelandiya məhkəməsində ittiham olunur. O, "Al Nur” məscidindəki kütləvi qırğını canlı yayımladığna görə məhkəmə önünə çıxarılıb. Adı açıqlanmayan həmin şəxs məscidin fotosunu yayaraq üstündə "hədəf ələ keçirildi”, yazdığına, zorakılığı qızışdırdığına görə ittiham olunur. Prokurorlar onun hər bir ittiham üzrə 14 ilədək həbsə məhkum oluna biləcəyini deyiblər. O, zaminə buraxılmayıb, aprelin 8-də məhkəmə qarşısına çıxarılacaq. Ondan üç gün öncə isə Tarrantın məhkəməsi başlanacaq.

Pakistan martın 18-ni milli matəm günü elan edib

Pakistan xarici işlər naziri Şah Mahmud millətin bu şokdan dolayı matəm içində olduğunu deyib. Pakistanın hadisəyə bu şəkildə reaksiyası təsadüfi deyil. Ölkə islam dövləti olmaqla yanaşı, həm də hadisənin qurbanlarından biri - 50 yaşlı Mian Naim Rəşid öz oğlu ilə birlikdə terrorçunu tərksilah etməyə çalışıb. Lakin onların hər ikisi həlak olublar. Pakistanın baş naziri Rəşidi milli qəhrəman adlandırıb.

"Müsəlmanlara qarşı ikili münasibət bu cür tendensiyaya səbəb olur”

Dünya gündəmini zəbt edən hadisə ilə bağlı "Şərq”ə danışan "Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Azər Rəşidoğlu deyib ki, Avropada islamafobiya yenilik deyil. Analitik vurğulayıb ki, maliyyə böhranından sonra Avropa ölkələrində mənəvi böhran dərinləşib:

"Bu gün Qərbdə yaşayan müsəlmanların təhsil, iqtisadi, siyasi, intellektual, akademik sahələrdə iştirak problemləri varsa, cinayət törətmə səviyyələri yüksəkdirdə, iş mədəniyyətləri kifayət deyilsə, şübhəsiz ki, bu məsələlərdə həmin ölkələr məsuliyyət daşıyırlar. Müsəlmanlara qarşı ikili münasibət bu cür tendensiyaya səbəb olur. Yaxşı olar ki, müsəlmanlar ölkə rəsmiləri ilə daha yaxından işləsinlər. Birbaşa və açıq münasibətlər quraraq yaranan, daha doğrusu, yaradılan qorxu mühitini dağıtmaq istiqamətində araşdırmalar ortaya qoysunlar”.

"Başqa Avropa ölkələrində də oxşar hadisələr təkrarlanacaq”

Ekspertin sözlərinə görə, Avropada dağılan ailə, sahibsiz uşaqlar, insest, homoseksual əlaqələr, narkomaniya problemi dünyanın yerdə qalanı ilə müqayisə olunmayacaq dərəcədə geniş yayılıb: "Avropa ictimai dəyərlər baxımından, insani olan hər şeyin sürətlə yox olduğu, yüksək iqtisadi təminolunma səviyyəsi səbəbindən insanlara qanuni və normal münasibətlərin kifayət etmədiyi bir azğınlıq çağını yaşayır. İslami dəyərlər bəlkə bu məsələlərdə hələ işğal edilməmiş son qaladır. Müsəlmanları terrorçu kimi qələmə vermək son nəticədə Yeni Zelandiyadakı kimi qanlı cinayətlərə səbəb olur. İstisna deyil ki, başqa Avropa ölkələrində də oxşar hadisələr təkrarlanacaq”.

İsmayıl