Naif Əlibəyoğlu çaşıb...

Qarsın keçmiş bələdiyyə başqanı niyə erməni canfəşanlığı edir?




Türkiyənin paytaxtı Ankarada keçirilən "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” adlı konfransda sərhədlərin açılması yönündə bəlağətli çıxış edənlərdən biri də Qarsın keçmiş bələdiyyə başqanı Naif Əlibəyoğlu olub. Naif Əlibəyoğlunu türk və Azərbaycan ictimaiyyəti yaxşı tanıyır.

Bu adam Qarsın bələdiyyə başqanı seçilən kimi Ermənistanla, özəlliklə Gümrü şəhəri ilə əlaqələr qurmağa başladı və bəlli səbəblərdən sərhədləri bağlı saxlayan Türkiyə dövlətinin siyasətini heçə sayaraq Ermənistana səfərlər etdi. Hər müsahibədə "ürək ağrısı” ilə sərhədləri bağlı saxlayanları lənətləyən N.Əlibəyoğlu 1999-cu ildə Ermənistandan bir heyət dəvət edərək Qars şəhəri ilə

Gümrü şəhərini "qardaş şəhərlər” elan etdi. Bununla kifayətlənməyərək ermənilərlə bir protokol da imzaladı. Açıq-aşkar erməni sevgisini izhar edən bu şəxs daha sonralar türk cəmiyyətindən sərhədlərin açılması üçün imza toplamağa başladı. Erməni sevdalısı bu adam indi də durmadan təbliğat aparmaqla məşğuldur. Buna görə də Azərbaycan dövlət və cəmiyyət olaraq çalışmalıdır ki, Türkiyə ictimaiyyətinin erməni təbliğatına aldanmasına yol verməsin. Çünki hiyləgər ermənilər digər məsələlərdə olduğu kimi sərhəd bölgələrində apardıqları siyasətdə də "ustadırlar”. Onlar Qarsın önəmini dərk edərək burada mövqelərini möhkəmləndirməyə çalışırlar. Əsasən Azərbaycan coğrafiyası sayılan bu regionda Naif kimi ermənipərəstlərin vasitəçiliyi ilə sərhədləri açmağa və ərazi iddialarını yeniləməyə çalışırlar.

Erməni xislətli "türklərin” canfəşanlığını şərh edən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib ki, Türkiyədə sərhədlərin açılması ilə bağlı təbliğat aparan və digər insanları da buna təşviq edən şəxslər fəaliyyət göstərir. Bu cür işlərlə ciddi məşğul olanlardan biri də Qarsın keçmiş bələdiyyə başqanı Naif Əlibəyoğludur: "Bir qrup insanlar Qars, xüsusilə də Ermənistanla sərhəd bölgələrdə təbliğatı gücləndirirlər. Çünki onlar Azərbaycan üçün bu ərazilərin strateji əhəmiyyət daşıdığını yaxşı bilirlər. Bu təbliğat həm Ermənistan, həm də bu ölkəni himayə edən qüvvələr tərəfindən dəstəklənir. Eyni zamanda Avropa Birliyi və Parlamenti də bu proyektləri müdafiə edir. Məqsəd isə Ermənistanı düşdüyü iflic vəziyyətindən xilas etmək, işğal faktına son qoyulmadan sərhədlərin açılmasına nail olmaq və Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməkdir. Məqsədyönlü şəkildə bu layihəni həyata keçirməyə çalışanların arqumentləri də ondan ibarətdir ki, guya sərhədlər açılarsa, həmin bölgənin iqtisadi imkanları genişlənər. Ancaq dəfələrlə aydınlıq gətirilib ki, həmsərhəd bölgələrin iqtisadi durumunu yaxşılaşdırmaq üçün Ermənistan heç bir iqtisadi potensiala malik deyil. Faktiki olaraq düşmən ölkənin özünün iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Bunu dərk edən müəyyən dairələr Türkiyənin əli ilə Ermənistanı dirçəltməyə çalışırlar”.

Baş redaktor bildirib ki, Türkiyə cəmiyyətində sərhədlərin açılması ilə bağlı fərqli fikirlər var. Türk mediasının özündə də belə düşünən insanlar fəaliyyət göstərir: "Amma həmin şəxslərin əksəriyyətinin türk xalqına və milli şüura heç bir aidiyyəti yoxdur. Onlar separatçı qruplar tərəfindən türk mediasına yerləşdirilmiş adamlardır. Təbii ki, burda müəyyən siyasi maraqlar, Türkiyəni bölüb, parçalamaq niyyəti də var. Həmçinin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən QHT-lər də erməni təbliğatı ilə məşğul olurlar. Ona görə də hələlik bu məsələ Türkiyə üçün problem olaraq qalır. Amma düşünürəm ki, türk hakimiyyətinin və siyasi qüvvələrin iradəsi çatacaq ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində aparılan monipulativ təbliğata son qoysunlar.

Azərbaycan cəmiyyəti də fəal olmalıdır. İctimaiyyət arasında ciddi iş aparmaq lazımdır. Türkiyə ilə qardaş dövlətlər olmağımıza baxmayaraq, hər iki dövlətin öz siyasi maraqları var. Artıq populist çıxışların yeri yoxdur. Türkiyə mətbuatında Azərbaycanla bağlı mövqe ortaya qoyan insanların mütəmadi olaraq çıxış etməsinə ehtiyac var”.

İsmayıl