“Namiq Haşimzadə İran agentidir”

Fazil Mustafa sosial şəbəkələrdə onu təhqir edən şəxsin izinə düşüb, həmin adamla bağlı MTN-ə müraciət edəcək



Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa onu və ölkə dəyərlərini təhqir edən Namiq Haşimzadə adlı şəxslə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək. Bununla bağlı deputat özü məlumat verib. Xatırladaq ki, Namiq Haşimzadə sosial şəbəkədə "Hizbullah Qalibun” adı ilə radikal şiələrin təbliğatını aparır və digər məzhəbdən olan müsəlmanların ünvanına xoş olmayan ifadələr səsləndirir.

Bu səbəbdən Fazil Mustafa sosial şəbəkədə təhlükəli təbliğatla məşğul olan həmin şəxsə öz iradını bildirib və onu "İran casusu” adlandırıb. Amma bu, qarşı tərəfini sərt reaksiyasına səbəb olub. Millət vəkilini çirkin formada təhqir edən "Hizbullah Qalibun” deputata söyməklə kifayətlənməyərək, Azərbaycanın milli və müstəqillik dəyərlərinə də dil uzadıb. Bu barədə danışan F.Mustafa bildirib ki, artıq N.Haşimzadənin təhqir dolu statusları dosye halına salınıb və yaxın günlərdə müvafiq addımlar atılması üçün MTN-ə müraciət olunacaq: "Hələ müraciət etməmişəm. Səbəb isə müraciətlə əlaqədar lazımi sənədlərin, Namiq Haşımzadənin təhqir dolu mesajlarının yığılması idi. Bu şəxs məni bütün yazılarında, paylaşdığı statuslarında açıq şəkildə təhqir edir. O birbaşa başqa ölkədən dəstəklənir. Həmçinin, bir sıra yerli saytlar da onu dəstəkləyir. Açıq-aydın görünür ki, bu insan nə işlə məşğuldur. Onun təhqiredici hərəkətləri yolverilməzdir. Buna qarşı da biz öz mövqeyimizi qoyacağıq. Bu insan Azərbaycan vətəndaşıdır, ancaq bizi, ölkə prezidentini bütün yazılarında təhqir etməkdən çəkinmir. Biz vətəndaşı deyil, vətənini satanları ifşa edirik. Bəli, Namiq Haşımzadə İran agentidir”. F.Mustafa deyib ki, heç kim bu cür yaramazları şiə adı ilə təqdim etməsin: "Azərbaycanda minlərlə öz vətənini sevən, ölümə gedən şiə inancı daşıyan vətəndaşlar var. Eyni zamanda başqa ölkələrin maraqlarına xidmət edən minlərlə əhli-sünnə mənsubu insanlar da var. Ona görə də bu cür ayırım aparmaq yanlışdır. Bu adamlar sadəcə başqa ölkədən təlimat alaraq ölkəmizi təhdid edirlər. Hər şeyi öz adı ilə çağırmaq, başqalarının da inancına hörmətlə yanaşmaq lazımdır”.

İsmayıl