Nazarbayev təsiri azaltmaq istəyir

Qazaxıstanı rus dili məktəblərinin bürüməsi hökuməti hərəkətə gətirib




"Qazaxıstanda rus təsirini azaltmaq üçün çıxışlar geniş vüsət almağa başlayıb”.

Bu barədə siyasi ekspert Rusif Məmmədsoy feysbuk profilində yazıb. Analitik bəyan edib ki, ölkədə "rus məktəbləri bağlansın” şüarı hər kəsin dilindədir: "Bəzi nüfuzlu siyasətçilər bildirirlər ki, "ölkədə 1500 rus məktəbi fəaliyyət göstərir. Lakin bizim Rusiyada yaşayan vətəndaşlarımız üçün bu cür məktəblər yoxdur”. 

Maraqlı məqam ondan ibarətdir ki, ölkə əhalisinin əksəriyyəti, yəni gənclər həmin məktəbləri daha üstün tutur. Bu isə o deməkdir ki, burada təhsil digərlərinə nisbətən daha yaxşıdır. Lakin bu hal eyni zamanda gələcək nəslin öz dilini yavaş-yavaş unutmasına səbəb olmasına gətirib çıxarır. Bu isə qazaxları olduqca narahat edən məsələlərdən biri və başlıcasıdır. Prezident Nursultan Nazarbayevin son çıxışları da bu məsələdə bir növ katalizator rolunu oynayır. Belə ki, Nazarbayev Nazirlər Kabinetində rus dilindən istifadəni qadağan edib”.

Siyasi şərhçi vurğulayıb ki, Qazaxıstan keçmiş postsovet ölkələrindən biridir. Ərazisinə, iqtisadi inkişaf səviyyəsinə və s. amillərə görə öndə olan ölkələrdəndir. Eyni zamanda Rusiya ilə əlaqələri də yaxşıdır: "Lakin Qazaxıstan hökuməti də yaxşı anlayır ki, Rusiyanın hazırkı siyasəti keçmiş postsovet məkanında rus təsirinin qalıcı olmağını təmin etməkdir. Bu səbəbdən də Nazarbayev bu təsiri azaltmaq üçün ilk növbədə rus dilinin sıxışdırılıb çıxarılmasında maraqlıdır. Bir statistikanı da diqqətinizə çatdırım. 2009-cu ildə Qazaxıstanda siyahıya alma zamanı məlum olub ki, ölkə əhalisinin 62 faizi qazax, 85 faizi isə rus dilində yazıb oxuya bilir. Lakin indiyə qədər bu rəqəmlər xeyli dəyişib. Hazırda ölkə əhalisinin təxminən 70 faizini qazaxlar, 20 faizini isə ruslar təşkil edir”.

Ekspertin fikrincə, hazırda Qazaxıstanın yenidən Rusiyanın müstəmləkəsi olması ehtimalını düşünmək bir az sadəlövhlük olardı: 

"Rusiya Qazaxıstana Mərkəzi Asiyada əsas müttəfiqi kimi baxır və münasibətlərinə xələl gəlməsini istəmir. Amma istənilən halda Rusiya da Qazaxıstanda rusdilli məktəblərin, xüsusilə də onların sayının 1500-ə qədər olmasından məmnun olmaya bilməz. Bütün bunlar gələcək perspektiv üçün zəmin yaradan əsas amillərdən biridir”.

İsmayıl