Nazarbayev xalqın vəziyyətindən narazıdır

Ona görə köklü islahata gedərək, hökuməti istefaya göndərdi
"Qazaxıstanda kadr islahatlarına cəmiyyət öyrəşib və bu, ciddi fəsadlar, problemlər yaratmır"


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökuməti istefaya göndərdiyini açıqlayıb. Dövlət başçısının rəsmi saytında yerləşdirilən məlumatda bildirilib: "Bu gün mən ölkəmiz üçün vacib qərar qəbul edirəm... Düşünürəm ki, hökumət istefaya göndərilməlidir. Yeni hökumət həyat standartlarını yaxşılaşdırmaq, iqtisadiyyatı stimullaşdırmaq, strateji məqsədləri həyata keçirmək üçün effektiv addımlar atmalıdır”.

Politoloq İlqar Vəlizadə isə məsələ ilə bağlı "Sherg.az" açıqlamasında Qazaxıstanda hakimiyyətin tranziti prosesinin getdiyini deyib. Onun sözlərinə görə, prosesi səciyyələndirən əsas cəhətlərdən biri mövcud prezidentin növbəti illərdə hakimiyyəti təhvil verməsidir: 

"Nazarbayev yaşlı prezidentdir, xüsusən son illər ərzində siyasətdə varislik haqqında söz-söhbətlər gedir. Hadisələrin hansı istiqamətdə gedəcəyini zaman göstərəcək. Amma indiki islahatların hamısı da məhz həmin prosesə yönəlib. Nazarbayevin müasir Qazaxıstanın qurucusu olduğunu vurğulayan politoloq deyib ki, o, ölkənin gələcəkdə də dayanıqlı inkişafına nail olmaq istəyir. Amma uyğun proqramın reallaşdırılması ilə bağlı kifayət qədər problemlər var. Son illər qəbul olunan proqramların əksəriyyəti əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlsə də, həyata keçirilmə mexanizmi həddindən artıq keyfiyyətsiz idi. 

Bu isə təbii olaraq əhali arasında narazılıq doğururdu. Halbuki, hökumətin məqsədi narazılıqları minimuma endirmək və böhranlı vəziyyətdən itkisiz çıxmaq idi. Amma proqram icraçılarının yarıtmaz siyasəti gözləntilərin özünü doğrultmasına mane oldu. İndi isə Nazarbayev yeni hökumət formalaşdıraraq, onun üçün əsas meyarın hakimiyyətdə olan fiqurların yox, həyata keçirilən proqramların keyfiyyətidir. Yeni formalaşdırılacaq hökumət üzvləri də öhdəlik götürdükləri vəzifələri icra edə bilməsə, onların da aqibəti bu cür olacaq. Qazaxıstan üçün yeni bir şey deyil. İllər öncə də belə praktika olub. Qazaxıstanın nazirləri, digər vəzifəli şəxsləri tez-tez rotasiya olunurlar. Hətta deyərdim ki, Qazaxıstanda kadr islahatlarına cəmiyyət öyrəşib və bu, ciddi fəsadlar, problemlər yaratmır”.

Nazarbayevin hökuməti istefaya göndərməsini uğurlu bir addım kimi dəyərləndirən İ.Vəlizadə hesab edir ki, bu həm də yeni təyin olunacaq məmurlara bir mesajdır: "Kim vəzifədə daha çox qalmaq istəyirsə, öz vəzifə öhdəliklərini nöqsansız icra etməlidir, əks halda hər kəs oturduğu kürsüdə müvəqqətidir. Nazarbayevin yeritdiyi bu siyasət bir qədər riskli olsa da, prezidentin ölkəni daimi nəzarət altında saxladığının göstəricisidir. Belə olan halda isə heç bir məmur öz məqsədlərinə çatmaq üçün vəzifəsindən sui-istifadəyə, dövlət maraqlarına zidd addım atmağa risk etməyəcək”.

Şəymən