“Keyfiyyətli məlumat bazası formalaşarsa, bu, vətəndaşın xərcini, sərf etdiyi zamanı və mənfi halları aradan qaldıracaq”
Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək.
"2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini vurğulayan Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib.
Məsələni şərh edən iqtisadçı Rəşad Həsənov pensiya təyinatı sisteminin elektronlaşdırılmasının problemli bir məsələ olmadığını deyib. Onun sözlərinə görə, bu sahədə böyük bir bazaya, müxtəlif qurumlardan informasiyaların qəbul edilməsinə ehtiyac var.
Hazırda Azərbaycanda hökumətin elektronlaşması istiqamətində müəyyən addımlar atıldığını və elektron hökumət portalının fəaliyyət göstərdiyini vurğulayan ekspertin fikrincə 450-ə yaxın xidmət ayrı-ayrı dövlət qurumları tərəfindən bu portal üzərindən təklif olunur. Yəni ayrı-ayrı qurumların bazaları arasında effektiv əlaqənin qurulması təmin olunarsa, keyfiyyətli məlumat bazası formalaşarsa, bu, vətəndaşın xərcini, sərf etdiyi zamanı azaldır, subyektiv yanaşma kimi müşahidə olunan mənfi halları aradan qaldırır.
Bu prosesi müsbət hal kimi dəyərləndirən ekspertin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasındakı müəyyən çatışmazlıqlar var ki, onlar da tamamilə ardan qaldırılarsa, elektron formada pensiyanın təyin edilməsi mexanizminin formalaşdırılması ən optimal və uğurlu çıxış yolu ola bilər.
R. Həsənovun sözlərinə görə, sistem elə qurulmalıdır ki, hökumət maksimum az xərclə, ştatla keyfiyyətli xidmətlər təklif edə bilsin və vətəndaşlar narazı qalmasın.
Digər iqtisadçı-ekspert Ruslan Atakişiyev pensiya təyinatının elektronlaşdırılmasının bir sıra müsbət əhəmiyyəti olduğunu düşünür.
Onun sözlərinə görə, bu qayda xidmət keyfiyyətinin artmasına səbəb olacaq. Həmçinin, xidmət göstərən qurumun nümayəndələri ilə əhali qrupunun təması aradan qalxacaq ki, bu da pensiya təyinatının şəffaf olmasına dəlalət edəcək.
R. Ataşkişiyevin sözlərinə görə, pensiya təyinatının elektronlaşdırılması
müraciət edən şəxslər üçün vaxta qənaət rolunu oynayacaq. Artıq hər kəs internet vasitəsilə pensiya ilə bağlı müraciət etmək imkanına malik olacaq. Ekspertin fikirncə informasiya bazasının olması baxımından sistemin tam şəkildə elektronlaşdırılması əhəmiyyətlidir.
Şəymən