Bu gün Milli Məclisdə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Sherg.az-ın xəbərinə görə, tədbirdə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur. Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.
Komitə sədri deyb ki, ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub: "Əgər DİM-lə bağlı dünyada yoxsulluğun aşağı endirilmə həddi 15 faiz nəzərdə tutulmuşdusa, Azərbaycanda artıq 2015-ci ildə yoxsuluğun göstəricisi 5 faizdən aşağı düşmüşdü. Yəni, 49 faizdən 5 faizə düşməklə, Azərbaycanda dünyada yoxsulluq göstəricisi ən az olan 29 dövlətdən birinə çevrilib. Bu, çox böyük göstəricidir”.
"Ölkəmizdə yoxsulluğun səviyyəsi beşdən aşağıya endirilib”
"Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur”. Bu sözləri isə konfransda İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə iki Dövlət Proqramı təsdiq olunub. Nazir müavini xatırladıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi beşdən aşağıya endirilib. S. Həsənovanın sözlərinə görə, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar qazanılıb”
"Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb”. Bu sözləri isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai söyləyib. Qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatmasında çox böyük töhfə ola bilər. Q.İsaqzai vurğulayıb ki, eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür: "Artıq bu istiqamətdə də bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatmaqda hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb”.
Anar