Nazirlər Batumidə hərbi məsələləri müzakirə edəcək

Üç ölkə arasında bağlanacaq sazişlər xarici təcavüzlərdən birgə müdafiə olunmaq məqsədi daşıyır


Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri yenidən görüşəcəklər. Bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli açıqlama verib. O deyib ki, növbəti görüş iyulun sonu avqustun əvvəlində Batumi şəhərində olacaq: "Biz daha əvvəl Qəbələ şəhərində görüşmüşük. Hazırda üç ölkənin nazirlikləri memorandum üzərində işləyir. İmzalanma bu görüşdə baş tuta bilər. Türkiyənin müdafiə naziri dəyişdiyi üçün görüşümüz təxirə düşdü”.

Ekspertlərə görə, nazirlərin görüşündə regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Gözlənilən görüşü şərh edən politoloq Qabil Hüseynli deyib ki, üç dövlət arasında imzalanacaq sazişlər hansısa dövlətə qarşı deyil. Bu cür sazişlər xarici təcavüzlərdən birgə müdafiə olunmaq məqsədi daşıyır: "Azərbaycan və Gürcüstan işğala məruz qalıb. Türkiyə də ciddi təhlükələrlə üzləşib və müxtəlif dövlətlər tərəfindən təhdid edilib. Hər üç dövlətin strateji maraqları üst-üstə düşür. Bu baxımdan üç qonşu ölkənin hərbi sahədə əməkdaşlığı, birgə təlimlər keçirməsi, ordunun təchizatı ilə bağlı təcrübə mübadiləsi aparması güclü üçtərəfli birliyin yaranmasına gətirib çıxarar. Belə birlik bölgədə sülhün və sazişin təminatı olar. Nəzərə almaq lazımdır ki, regionumuz çox kövrək bölgədir. Bura nüfuz etmək istəyən çoxlu xarici güclər var. Onların qarşısını almaq üçün üçtərəfli hərbi əməkdaşlığın dərinləşdirilməsi olduqca vacibdir”.

İsmayıl