Ərşad Hüseynov: “Qalan hamısı nağıldır”
Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişikliklər edib. Dəyişikliyə əsasən artıq nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı deyil, ümumiyyətlə, texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi tələb olunacaq.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir. İndiyə qədər nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparıblar. Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparacaqlar.
Avtomobillərin texniki baxışındakı dəyişikliyi şərh edən ekspert Ərşad Hüseynov deyib ki, burada söhbət NK-nın qərarındakı mənasız bir səhvin düzəldilməsindən gedir: "Düşünürəm ki, bu "mühüm” dəyişiklik ətrafında ciddi müzakirə açmağa gərək yoxdur. Həmin qərarda belə bir ifadə var idi: "təminatlı texniki xidmət göstərən texniki təmir sahəsi”. Bu ifadədəki "təminatlı” sözünü çıxarırlar və qalır "texniki xidmət göstərən texniki təmir sahəsi”. Ölkəmizdə bütün xidmətlər, o cümlədən avtotexniki xidmətlər Mülki Məcəlləmizin tələbinə uyğun olaraq təminatlı olmalıdır, çünki bu, istehlakçı hüquqları məsələsidir. Ona görə də NK-nın həmin qərarında vaxtilə "təminatlı” sözünün olması "yağ yağlıdır” kimi mənasız taftalogiya idi, çünki təminatsız təmir onsuz da ola bilməz. İndi NK öz qərarındakı o yersiz ifadəni çıxarıb, vəssalam. Qalan hamısı nağıldır”.
Şəymən