Nazirlərin görüşünə hazırlıq gedir

Həmsədrlər Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər
5 rayonun qaytarılması məsələsində müəyyən razılıq əldə oluna bilər



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov məlumat verib. O deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk Qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ.Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: "Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

Politoloq Qabil Hüseynli isə "Şərq”ə açıqlamasında Rusiyanın Qarabağ məsələsinə yanaşmasında müəyyən dəyişikliklərin hiss olunduğunu deyib: "Xüsusən də Rusiya ictimai rəyində birtərəflilik və Ermənistana üstün mövqeyin verilməsi, Azərbaycanla bağlı məsələlər, subyektiv yanaşmalar yavaş-yavaş da olsa aradan qalxır.

 Rusiya elitasının kifayət qədər tanınan simalarının münasibəti də dəyişir. Görünür, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində müəyyən redaktələr etmək niyyətindədir. Təəssüfləndirici hal ondan ibarətdir ki, illərdir Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə badalaq vuran şəxs Sergey Lavrov hələ də Rusiyanın xarici işlər naziri olaraq qalır.

Politoloq hesab edir ki, Rusiyanın mövqeyindəki bu yumşalma fonunda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşündə 5 rayonun qaytarılması məsələsində müəyyən razılıq əldə oluna bilər. 

O şərtlə ki, Ermənistanın digər tələbləri nəzərə alınmasın, Dağlıq Qarabağa xüsusi status verilməsi kimi sərsəm fikirlər müzakirəyə çıxarılmasın. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağa keçici statusun verilməsi Azərbaycanın ərazi bütövlüyü baxımından çox təhlükəlidir: "Bu, Dağlıq Qarabağın avtomatik olaraq beynəlxalq subyektə çevrilməsi deməkdir. Bundan sonra keçmiş muxtar vilayətin aqibətinin həlli beynəlxalq danışıqlardan asılı olacaq. Formal olaraq federativ müqavilə bağlayıb Azərbaycanın tərkibinə də girə bilər, amma bu da müvəqqəti olacaq, sonra Helsinki prinsipləri əsasında müstəqilliyini tələb edəcək. Yəni onu Muxtar Respublika Azərbaycanın tərkibinə qaytarmaq çox çətin ola bilər. Buna görə də, Azərbaycan keçici status məsələsi ilə heç cür razılaşmamalıdır”.

Şəymən