Nazirlik deputatla razılaşmır, ekspert isə fərqli düşünür

Fazil Talıbov: "Özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil"
Fuad İbrahimov: "Kortəbii şəkildə baş tutan layihələr heç vaxt uğurlu olmur"


"Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına verilən heyvanların xəstə və arıq olması millət vəkillərinin narazılığına səbəb olub. Xüsusən də əhaliyə verilən inəklər parlamentdə müzakirəyə çıxarılıb. Deputat Araz Əlizadə Əmək və sosial siyasət komitəsinin iclasında məmurların prezidentin bütün əməyini yerə vurduqlarını deyib: "Əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar. O şəkillər düzdür. Həmin heyvanlar qocadır”.
Millət vəkili bildirib ki, nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib: "Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan-cavan adamlardır, amma yuxarıdan gedirlər. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Gəlin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məsələyə münasibət bildirib.

O bildirib ki, heç bir əsas olmadan, müvafiq sorğu verilmədən və rəsmi məlumat alınmadan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil: "Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir. Mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır.

Hər hansı iştirakçı razı qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir. Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. 

Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Bu prosesin vətəndaşın razılığı ilə video çəkilişi də aparılır”.

Şöbə müdiri qeyd edib ki, proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir: 

"Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər tutulur”.

Qeyd edək ki, bəzi ekspertlər də deputatın iradlarını haqlı hesab edir. Onların fikrincə, özünüməşğulluq proqramının iştirakçılarına yaşlı, dişləri tökülmüş, qısır və qotur heyvanlar verilir. Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa başlayıblar.

İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə maddi yardım əvəzinə heyvan verməsi düzgün yanaşma deyil. Bu layihə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədbirlər planı çərçivəsində həyata keçirilsə, haqq qazandırmaq olardı ki, proses aidiyyəti dövlət nəzarəti orqanının iştirakı ilə baş tutub:

"ƏƏSMN-in Özünüməşğulluq proqramının icrası çərçivəsində əhaliyə inək, qoyun verməsi məntiqəuyğun olmadığı üçün bu cür narazıların yaranması, fəsadların baş verməsi təəccüblü deyil. Axı sözügedən nazirliyin heyvandarlıq sahəsində heç bir təcrübəsi yoxdur. Faktiki olaraq, nazirlik daxili təlimatlar çərçivəsindən kənara çıxıb. 

Bu cür kortəbii şəkildə baş tutan layihələr heç vaxt uğurlu olmur. Ya Kənd Təsərrüfatı Nazirliyi, ya da Qida Təhlükəsizliyi Agentliyi mütləq şəkildə bu layihənin iştirakçısı olmalı idi”.

Şəymən