"Nə yolla olur olsun, girovlarımızı azad edəcəyik" - Açıqlama




"Prezident İlham Əliyev hər bir  Azərbaycan vətəndaşının qarantıdır”.

Bunu Sherg.az-a bu yaxınlarda Ermənistandakı girovumuz Elnur Hüseynzadənin qaytarılması ilə bağlı danışarkən millət vəkili Elman Məmmədov deyib. 

Deputat bildirib ki, ölkə başçısı bu missiyasını şərəflə bütün dünyaya nümayiş etdirir:


"Elnur Hüseynzadə də azərbaycanlıdır, vətəndaşımızdır. Naməlum şəraitdə düşmənə əsir düşüb, bunun necə baş verməsinin prosesə dəxli yoxdur. Bütün vətəndaşlarımız kimi Elnur Hüseynzadənin məsələsi də diqqətdə saxlanılır. Ölkə rəhbərliyi onun azad edilməsi üçün əlindən gələni edir və edəcəkdir”.

"Elnur Hüseynzadəni də Dilqəm Əsgərov və Şahbaz Quliyevin aqibəti gözləyə bilərmi?” – sualına gəlincə, parlament üzvü deyib ki, nə yolla olur olsun, girovlarımızı azad edəcəyik:

"Dilqəmlə Şahbaz isə bizim günahsız vətəndaşlarımızdır. Azərbaycan həmişə ən yüksək səviyyədə, prezident və bütün rəsmilər onların azad olunması üçün bütün gücünü səfərbər edib, beynəlxalq qurumlara, təşkilatlara məlumat verir, ciddi müraciətlər edir”.

E. Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin söz aparıb, söz gətirən qurum olduğunu söyləyib: "

Onlar hara gedir?, görüş keçirirmi?, məlumatları doğrudan əldə edirmi?. Bax, bunu bilmirik. Onların Ermənistanda da qurumları var. Bəlkə məlumatları birbaşa deyil, həmin nümayəndəliklərindən alırlar, nə bilmək olar? Mən beynəlxalq qurumlara, onların dedikləri sözlərin dürüstlüyünə inanmıram. Çünki orada işləyənlər Azərbaycan vətəndaşı olsalar da təşkilatın qarşısında öhdəlikləri var. Amma hər halda biz vətəndaşımızın əsirlikdən azad edilməsi haqqında onlara da müraciət edirik”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ missiyasının əməkdaşları bu yaxınlarda saxlanılan azərbaycanlıya baş çəkiblər. Başçəkmə BQXK-nın standart proseduralarına əsasən keçirilib.

Aysel Aslan