Necə olsa da, bir xristian həmrəyliyi var
Roma Papası istəsə, erməni separatçıları girovluqda olan azərbaycanlıları azad edə bilər
Roma Papası Fransiskə müraciətlərin sayı artır. Əvvəlcə telejurnalist Eldəniz Elgün, sonra isə millət vəkili Elxan Süleymanov hazırda erməni separatçılarının girovluğunda olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Roma Papasına məktubla müraciət edərək girovların azad edilməsinə vasitəçi olmasını xahiş etdilər.
Roma Papasının xristian aləmindəki nüfuzu, təbii ki, danılmazdır. Lakin Vatikanın məlum məsələdə dəstək ifadə edəcəyi və girovların azad edilməsinə hansı dərəcədə töhfə verə biləcəyi, şübhəsiz ki, Azərbaycana münasibətindən də asılıdır.
Bu arada qeyd edək ki, Vatikan qondarma erməni soyqırımı məsələsində heç də qarşı tərəfin gözləntilərini doğrultmayıb.
Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma Papasının Ermənistana səfəri öncəsi keçirdiyi brifinqdə uydurma "erməni soyqırımı”na münasibətdə "medz yegern” (böyük fəlakət) ifadəsini işlətməyə üstünlük verdiyini bildirib.
APA-nın "dailymail.co.uk” saytına istinadən verdiyi xəbərə görə, "soyqırım” ifadəsini niyə işlətməməsi barədə jurnalistin sualı F.Lombardini qıcıqlandırıb. "Niyə soyqırım sözünü işlətmək aludəçiliyi var? Və niyə bütün suallarda eyni məsələ soruşulur? Biz nə baş verdiyini bilirik.
Qorxunc bir qətliam yaşandığını heç kim inkar etmir. Biz məhz bu qətliamı anmaq üçün memorialı ziyarət edəcəyik, lakin bunun siyasi və ideoloji müzakirələr tələsi olmasını istəmirik”, - deyə F.Lombardi söyləyib.
F.Lombardi səfərdə məqsədin barışığa təşviq etmək olduğunu bildirib. O, 1915-ci ildəki təqiblər zamanı bəzi türklərin erməniləri evlərində gizlətdiyini də deyib.
F.Lombardi qeyd edib ki, Papanın Ermənistan, Azərbaycan və Gürcüstana eyni zamanda səfər etməməsinin səbəbləri müxtəlifdir: "Bunlardan biri Gürcüstan patriarxının bu vaxtlar Yunanıstanda olması ilə bağlıdır”.
Qeyd edək ki, Roma Papası iyunun 24-26-da Ermənistanda səfərdə olacaq. Papanın paytaxt İrəvandan başlayacaq ziyarətinin şüarı "Papa Fransisk Qafqazda. Xristianlığı ilk qəbul edən ölkəyə ziyarət” olaraq müəyyən edilib.
Görəsən, soydaşlarımızın girovluqdan azad edilməsi Vatikanın barışığa təşviqinin bir hissəsi ola bilərmi?
Məsələyə münasibət bildirən tarixçi-alim Dilavər Əzimli "Şərq”ə açıqlamasında orta əsrlərdə Azərbaycanla Vatikan arasında yüksək əlaqələr olduğunu dedi:
- Məlumdur ki, Səfəvilər dövləti ilə Vatikanın çox yaxşı əlaqələri olub, hər iki dövlətin gəlib-gedən xüsusi elçiləri varmış. Təbii ki, Vatikanın Səfəvi dövləti ilə yaxınlaşması Osmanlı imperiyasına qarşı idi. Orta əsrlərdə Avropada türk xofu - islam xofu vardı və xristian aləmi də Osmanlı zəfərlərinin qarşısının alınması, Osmanlının Avropaya sahiblənməsini durdurmaq üçün digər dövlətlərlə əlaqələr qururdu. Hələ Səfəvilərdən əvvəl Ağqoyunlu Həsən padşahın zamanında Vatikanla əlaqələrə başlanmışdı və bu münasibətlər I Şah Abbasın dövrünədək gəlib çatmışdı. Şah Abbasın zamanında da Vatikan kilsəsinin sərbəst fəaliyyətinə imkan yaradılırdı, kilsələr inşa edilirdi. O da məlumdur ki, xristianlıq Azərbaycanda yayıldıqdan sonra Avropaya gedib. Alban kilsələri buna sübutdur. Bu baxımdan xristianlığın yayıldığı ilk Qafqaz ölkəsi Ermənistan deyil, məhz Azərbaycandır. Hesab edirəm ki, Roma Papasına ünvanlanmış muraciətlərdə bu tarixi faktlar əksini tapmış olsa, daha diqqətçəkən, cəlbedici olardı. Bilmirəm, bu faktlara o müraciətlərdə yer verilib, ya yox. Sonralar da Azərbaycanla Vatikanın münasibətləri çox yaxşı, dostyana olub. İndi də münasibətlərimiz çox yaxşıdır. Həm dövlət səviyyəsində, həm də dini icmalar, ictimai birliklər səviyyəsində. Azərbaycan alimləri Vatikan kitabxanalarında çalışıblar, tarixi araşdırmalar aparıblar. Roma Papasına müraciətin qayəsi bəllidir. Burada söhbət haqsız yerə girov saxlanılan soydaşlarımızın azadlığından və Azərbaycanın haqlı mövqeyindən gedir. Roma Papasının necə reaksiya verəcəyindən, girovların azadlığa buraxılması üçün nəsə edib-etməyəcəyindən asılı olmayaraq müraciətlərin ünvanlanması təqdirəlayiqdir.
D.Əzimli qeyd etdi ki, Roma Papasına edilən müraciətlərin müsbət nəticələnəcəyinə ümid etmək lazımdır:
- Vatikanla erməni kilsəsinin sıx əlaqələrindən danışa bilmərik. Çünki tarix boyu Vatikan erməni kilsəsini qəbul etməyib. Bunun səbəbi odur ki, erməni kilsəsi özünü ənənəvi xristian təriqətlərindən ayıraraq tamamilə başqa, ayrıca bir məzhəb yaradıb (əslində, burada qəribə bir şey yoxdur, ermənilərin xislətinə tam uyğundur -red). Ermənilər nə katolikdilər, nə pravoslav. Özləri üçün tamam ayrı - qriqorian kilsəsi yaradıblar. Bu mənada Vatikanla erməni qriqorian kilsəsinin dini məsələlərdə eyni mövqedə olmasını söyləyə bilmərik. Amma sonucda ümumi bir xristian həmrəyliyi mövcuddur. Məsələn, Pravoslav kilsəsi ilə katolik kilsəsi arasında sıx münasibətlər, sıx ilişgilər var. Roma Vatikan kilsəsi Rusiya Pravoslav kilsəsi ilə müsbət əlaqələrə malikdir. Ermənistan Rusiyanın for-postu olduğu üçün Vatikanın hansısa məsələnin həllinə Pravoslav kilsəsinin təsiri ilə nail olması mümkündür. Bu baxımdan bizim soydaşlarımızın girovluqdan azad edilməsində Vatikanın təsir imkanlarından istifadə etməsini gözləməyimizdə yanlışlıq yoxdur.
Məlahət Rzayeva