Ekspert əslində, bu halda manatın möhkəmlənəcəyini proqnozlaşdırır
Son günlər dollar sürətlə bahalaşır. Mərkəzi Bank (MB) iyunun 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Qurumdan verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi iyunun 23-nə 1,5301 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, iyunun 22-də dollar 1,5270 manata bərabər olub.
Artıq ekspertlər bahalaşmanın yüksələn xətt üzrə inkişaf edəcəyini proqnozlaşdırırlar. Hətta Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov 100 dolların 180 manat səviyyəsinə qalxacağını deyib. Bundan başqa, digər iqtisadçı Natiq Cəfərli də qəzetimizə açıqlamasında manatın yumşaq devalvasiyasının gözlənildiyini söyləyib.
İqtisadçı-ekspert Nazim Bəydəmirli isə Azərbaycanda kəskin devalvasiyanın baş verəcəyini və pul vahidinin dəyişəcəyini güman etmir: "Bu, doğru yanaşma deyil. Hökumətin və Mərkəzi Bankın (MB) açıqladığı rəqəmlər, yəni tədiyyə balansı arasında kəskin fərq yoxdur. Azərbaycan manatı daha çox neftin qiymətindən asılıdır. Yəni bizim ixrac etdiyimiz məhsul əsasən karbohidrogen ehtiyatlarıdır. Bu gün neftin qiyməti 50 dollar civarındadırsa, demək, kəskin devalvasiya gözlənilmir. Hesablamalar göstərir ki, neftin qiyməti 40 dollar civarında olarsa, Azərbaycan manatının 1,55 AZN-dən aşağı düşmək ehtimalı yoxdur. Əksinə, indi neftin qiyməti 50 dollardır və bu, manatın möhkəmlənməsinə gətirib çıxara bilər. İqtisadi məntiq bunu deyir”.
Ekspertin qənaətincə, Azərbaycan idxaldan asılı ölkədir və insanların alıcılıq qabiliyyəti itə bilər. Bu isə sosial problemlərin yaranması ilə nəticələnər: "Ona görə də Azərbaycan hökuməti daha çox məhsul istehsalına fikir verməlidir və sahibkarların stimullaşdırılmasına çalışmalıdır. İlk növbədə isə daxili tələbat ödənilməlidir. Bunun üçün monopoliya aradan qaldırılmalı, hüquqi prosedurlar asanlaşdırılmalı, işgüzar mühit yaradılmalı, məmur özbaşınalıqlarına son qoyulmalıdır”.
İqtisadçı onu da əlavə edib ki, milli valyutanın dəyişdirilməsi və yeni pul vahidinin dövriyyəyə buraxılması üçün inflyasiya dərəcələri yüz dəfələrlə artıq olmalıdır: "Pul çapı çətin olduqda və pul kütləsi hiperinflyasiyaya gətirib çıxardıqda denominasiya baş verir. Yəni pulun nominal dəyəri azaldılır. Milli valyutanı o zaman ləğv edirlər ki, ümumi regional valyutaya keçilir. Buna misal olaraq Avropa Birliyi ölkələrinin ümumi pul vahidindən istifadə etdiklərini göstərmək mümkündür. Azərbaycanda manatı ləğv edib hansısa başqa valyutaya keçmək ehtimalı yoxdur. Yəni bu, real deyil. Avropada insanlar daha çox nəğdsiz ödənişlər vasitəsi ilə alış-veriş edirlər. İnsanlara nəğd şəkildə pulun istifadə olunması vacib deyil. Azərbaycan hökuməti də bu istiqamətdə addım atmalı və nəğdsiz ödənişləri stimullaşdırmalıdır. Elə etmək lazımdır ki, insanlar pul haqqında düşünməsinlər. İnsanların aylıq xərcləri, aylıq gəlirlərinə adekvat olmalıdır. Konstitusiyada bu barədə sosial dövlət anlayışı var. Hökumət məhz bu haqda düşünsə yaxşı olar”.
Ayyət Əhməd