"Neftin qiyməti 100 dollara da qalxa bilər, 40 dollara da düşə bilər"






"Hər hansı regional xarakterli kataklizmlər neftin qiymət əmələgəlmə prosesinə təsir göstərə bilər”.

Bu barədə "Sherg.az”a neftin dünya bazarında qiymətinin bahalaşması barədə danışarkən iqtisadçı- ekspert Fuad İbrahimov bildirib. 

O söyləyib ki, irimiqyaslı siyasi böhran yaranarsa, bu, qiymətlərə təsir edə bilər:

"Son dövrdə bu proseslər müşahidə olunmur. Yeganə Qərb satıcılarının tədqiqat mərkəzində olan elektron ticarət platformalarında həcm indikatorlarının dəyişməsi nəticəsində qiymətin 72 dollara qalxmasını müşahidə edirik.

Elektron ticarət platformalarında həcm indikatorlarının dəyişməsi nəticəsində neftin qiyməti 100 dollara da qalxa bilər, 40 dollara da düşə bilər. Bu, hazırda elektron ticarət birjalarının təsiri nəticəsində əmələ gələ bilər. Amma düşünmürəm bu göstəricilər müşahidə olunsun. İndiki məqamda neftin qiymətlərinin 72-80 dollar arasında dəyişməsi daha realdır. İstənilən halda kəskin dəyişiklik hər zaman baş verə bilər”.

Qeyd edək ki, yanvarın 16-sı "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,63 dollar və ya 0,89% artaraq 71,63 dollar təşkil edib.

Aysel Aslan