“Neftin qiymətinin kəskin düşməsindən Azərbaycanın da ziyan çəkməsi istisna edilməməlidir”
Əli Həsənov: “Bununla yanaşı, bir çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın nəzərəçarpacaq üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən sığortalayır”
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı "AzərTAc” dövlət agentliyinə müsahibə verib.
- Əli müəllim, başa çatmaqda olan 2014-cü ili Azərbaycan üçün uğurlu il kimi qiymətləndirmək olarmı?
- Şübhəsiz. Hesab edirəm ki, 2014-cü il də Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib.
2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesi davam etdirilib və artıq demək olar ki, yekun mərhələyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.
Başa çatmaqda olan bu il eyni zamanda enerji strategiyasının yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından mühüm il olub.
Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb.
Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib.
- Ekspertlər dünyada neftin qiymətinin sürətlə ucuzlaşmasının bəzi enerji resursları hasilatçısı və ixracatçısı olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar. Bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
- Neftin qiymətinin kəskin düşməsi və bu tendensiyanın bir neçə ili əhatə etməklə davamlı xarakter daşıması iqtisadiyyatı tamamilə enerji amilindən asılı olan ölkələrin iqtisadiyyatına çox ciddi mənfi təsir göstərə bilər. Təbii ki, enerji ixracatçısı kimi Azərbaycanın da bundan ziyan çəkməsi istisna edilməməlidir. Çünki Azərbaycan iqtisadiyyatında enerji amili hələ də böyük rol oynayır və neftin qiymətinin ucuzlaşması əldə olunan milli gəlirin səviyyəsinə təsir edir. Bununla yanaşı, bir çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın nəzərəçarpacaq üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən sığortalayır.
İlk növbədə qeyd edilməlidir ki, son 10 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb.
Digər tərəfdən, Azərbaycan kifayət qədər böyük valyuta ehtiyatlarına malikdir və buna görə də iqtisadiyyatda və büdcə təminatında hər hansı fors-major vəziyyət yarana bilməz.
Təcrübə də göstərir ki, Azərbaycanın unikal iqtisadi modeli ən mürəkkəb hallarda belə makroiqtisadi sabitliyin və stabil iqtisadi artım templərinin qorunub saxlanmasını təmin edir. 2008-ci ildə başlanmış və bir neçə il davam edən ümumdünya iqtisadi böhranı zamanı Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım da bunu təsdiqləyir. Yeri gəlmişkən, həmin dövrdə də neftin qiyməti kəskin aşağı düşmüş və bir barelinə görə 30-40 dollar təşkil etmişdi.
Əksər ekspertlərin rəyinə əsasən hazırda neftin qiymətinin enməsi bir tərəfdən dünyanın aparıcı ölkələrində iqtisadi artım səviyyəsinin aşağı düşməsi və enerjiyə olan tələbatın azalması ilə izah edilirsə, digər tərəfdən də bu halın süni xarakter daşıdığı və müəyyən siyasi məqsədlərə hesablandığı vurğulanır. Onların qənaətinə görə, bu proses davamlı xarakter daşıya bilməz və bir müddət sonra neft bazarında qiymətlərin stabilləşməsi müşahidə olunacaq.
Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, hazırda dünya iqtisadiyyatında və enerji bazarında müşahidə olunan meyillər Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, əhalinin sosial durumuna mənfi təsir göstərməyəcək. Əksinə, Azərbaycan hökuməti qarşıdan gələn dövrdə də iqtisadi artımın təmin edilməsi üçün müvafiq tədbirlər görmək əzmindədir.
- Əli müəllim, ayrı-ayrı dövlətlərin, xarici təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı iddialarını necə qiymətləndirmək olar?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu prinsiplərin yerinə yetirilməsinə çalışırıq. Bir-birinin daxili işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın başlıca şərtləri sırasına daxildir.
Azərbaycan qanunun aliliyinin təmin olunduğu, hüquqi və demokratik ölkədir. Azərbaycanda hər kəsin fikir, söz və məlumat azadlığı təmin edilib, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın fəaliyyəti üçün zəruri şərait yaradılıb. Hazırda Azərbaycanda yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, tam sərbəst şəkildə fəaliyyət göstərir.
Azərbaycan hökumətinin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər.
Buna görə də hesab edirik ki, son zamanlar ABŞ və Avropa İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb. Bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər. Halbuki, həmin ölkələrin özlərində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı ciddi problemlər var. Məsələn, ABŞ-ın Ferqyuson şəhərində qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan gərginlik özünü "demokratiyanın beşiyi” kimi qələmə verən bu ölkədə insan haqları sahəsində çox ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması, peşə borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və həbsi, hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması və digər bu kimi hallar ABŞ-da insan hüquqlarına necə "hörmətlə” yanaşıldığını əyani şəkildə göstərdi. Analoji hallar həm də Avropanın bir çox inkişaf etmiş ölkələrində özünü büruzə verir. Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox Avropa ölkəsi üçün səciyyəvi hallardır. Buna görə də hesab edirik ki, öz ölkələrində ciddi problemləri "görməyənlər”in Azərbaycana barmaq uzatmağa və yeri gəldi gəlmədi bizi tənqid etməyə haqları yoxdur. Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbul olunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq.
- 2014-cü ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından necə qiymətləndirirsiniz? Bu il bir tərəfdən yüksək səviyyədə danışıqlar prosesi davam etdirildi, digər tərəfdən isə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi müşahidə olundu.
- Təəssüf ki, 2014-cü ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret irəliləyiş müşahidə olunmadı. Bunun da başlıca səbəbi odur ki, Ermənistan rəhbərliyi öz ənənəsinə uyğun şəkildə qeyri-konstruktiv mövqeyini davam etdirərək bütün səylərini mövcud status-kvonu qoruyub saxlamağa yönəldir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində təxribatlar təşkil etməklə beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmağa və onu münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir. Avqust ayında erməni təxribatçı qrupların basqın cəhdləri qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları məqsədə nail olmamış və ciddi itkilər verərək geri çəkilmişlər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkindilər. Bununla yanaşı, erməni işğalçıları bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini gördülər və əmin oldular ki, onların qarşısında peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir. Məlumdur ki, məhz bu gərginlikdən sonra avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcəyi ilə bağlı ümidləri artırdı. Bundan başqa, oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə görüşdülər. Cənab Olland da hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd etməklə tərəfləri böyük sülh sazişinə dəvət etdi. Ancaq danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttinin yaxınlığında hərbi təlimlərə başlaması, bu təlimlərə 40 mindən artıq hərbçinin, ağır texnikanın cəlb edilməsi bir daha əyani şəkildə göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin konstruktiv məcrada davam etdirilməsində maraqlı deyil və sülhə aparan istənilən addımı, təşəbbüsü əngəlləmək niyyətindədir. Üstəlik, təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini təxribata çəkmək cəhdləri də müşahidə olundu ki, bu da Ermənistan ordusuna məxsus hərbi vertolyotun vurulması ilə nəticələndi. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi həll olunmamasının başlıca səbəblərindən biri də beynəlxalq birlik tərəfindən işğalçı Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməməsidir. Bu gün Ukrayna hadisələri fonunda bu ölkənin separatçı bölgələrinə,
Krıma və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaqardına vuran işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə şamil edilməli idi. Ermənistana qarşı təzyiqlər və sanksiyalar həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir. Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün aparıcı beynəlxalq təşkilatlar mövcud vəziyyətə diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməlidirlər.