Əgər bu proses davam edərsə, büdcənin tikinti və infrastruktur xərcləri azaldıla bilər
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Eyni zamanda "AzəriLayt” markalı neftin bir barreli London birjasında 2,23 dollar ucuzlaşaraq 86,61 dollar təşkil edib. Beləliklə, Azərbaycan nefti daha 2 dollar 23 sent ucuzlaşıb.
Neftin ucuzlaşmasının dövlət büdcəsinə təsir etmə ehtimallarını dəyərləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, dünyada neftin və həmçinin "AzəriLayt” markalı qara qızılın qiyməti 2014-cü ilin avqustundan etibarən ucuzlaşmağa başlayıb: "Azərbaycan neftinin hər barrel qiyməti 110 dollar təşkil etsə də, doqquz ayın yekunlarında bu rəqəm 108, 2 barrelə düşdü. Daha sonra isə qiymət 10 ayın yekunlarına əsasən 104 dollara qədər endi”.
V.Bayramov neftin qiymətinin düşməsinə görə 2014-cü ilin dövlət büdcəsinə dəyişikliyin ediləcəyini istisna edib. İqtisadçı-alim Vüqar Bayramovun fikrincə, neftin qiymətinin düşməsi büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər: "2014-cü ilin ilk 8 ayında Azərbaycan neftinin dünya bazarındakı qiyməti 110 dollar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycan neftinin dünya bazarında qiyməti büdcədə nəzərdə tutulandan 10 faiz artıq olub. Bu, birmənalı şəkildə imkan verir ki, növbəti aylarda neftin dünya bazarında qiyməti 80 dollardan aşağı düşməyəcəksə, 2014-cü ilin dövlət büdcəsinə baxılmasın. Əvvəlki dövrdə olan 10 faiz artım növbəti aylarda olan azalmanı kompensasiya edəcək”.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində neftin qiyməti minimum 90 dollardan hesablanıb. "Lakin 2015-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiymətinin 80 dollar nəzərdə tutulmasını təklif ediblər. Son müşavirədə ölkə başçısı da büdcədə neftin qiymətinin dünya bazarına uyğun müəyyənləşdirilməsini əhəmiyyətli olduğunu bildirdi. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar nəzərdə tutularsa və dünya bazarında 2015-ci ildə də azalmalar davam edəcəksə, dövlət büdcəsinin gəlir hissəsinin formalaşması ilə bağlı müəyyən çətinliklər yaradacaq. Azərbaycanın dövlət büdcəsinin 53.4 faizi Dövlət Neft Fondu hesabına formalaşır. Bu o deməkdir ki, dövlət büdcəsinin gəlirlərinin çoxu məhz birbaşa sığorta olunmuş gəlirlərdir. Neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq 53,4 faiz Neft Fondu hesabına formalaşacaq. Gəlirlərin 35 faizə yaxını qeyri-neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiyməti büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər”.
Onun qənaətincə, 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin tikinti və infrastruktur xərcləri azaldıla bilər: "Neftin dünya bazarında qiymətində azalmalar gedir. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar nəzərdə tutularsa, dünya bazarında qiymət azalması baş verərsə, bunu faciə hesab etmirəm. Büdcənin birbaşa neftdən asılı hissəsi təxminən 11 faizdir. Qanunvericiliyə görə, büdcə gəlirlərinin formalaşmasında problem olarsa, əməkhaqqı, pensiya xərcləri istisna olmaqla, tikinti-infrastruktur xərcləri azaldıla bilər. Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, Maliyyə Nazirliyi büdcə xərclərinin azaldılmasını həyata keçirə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur”.
Vüqar Şahinoğlu