Nəticəsi ağır ola bilər

Cəzaların yüngülləşdirilməsi ölkəyə keyfiyyətsiz dərman gətirən şəxslərin işlərinə yarayacaq



Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinin 1-ci bəndinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlarla bağlı həbs cəzası ləğv olunur.

Layihəyə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə hazırda tətbiq olunan 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası 2 ilədək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənir.

Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəzası yenidir və bu, cəzaçəkmə və yaxud həbsxana şəraitində icra olunmur.

Şübhəsiz ki, yeni layihənin qəbulu cəmiyyətdə mənfi tendensiyaların çoxalmasına şərait yaradacaq. Keyfiyyətsiz, müddəti bitmiş, saxta dərmanların satışını həyata keçirmək bir yana, bu əməli törədənlərin cəzasını yüngülləşdirmək insan həyatını riskə atmaq deməkdir. 

Bəs yeni dəyişikliklərlə bağlı hüquq müdafiəçiləri nə düşünür?

Hüquqşünas Əliməmməd Nuriyevin "Şərq”ə açıqlamasına görə, yeni layihənin qəbul edilməsi cəmiyyətdə ciddi fəsadlara gətirib çıxara bilər. O bildirib ki, cəzaların yüngülləşdirilməsi ölkəyə keyfiyyətsiz dərman gətirən şəxslərin işlərini daha da genişləndirməyə şərait yaradacaq. 

"Qanunsuz dərman satışı ilə bağlı sanksiyada azadlıqdan məhrumetmə cəzasını saxlamaq da mümkündür. Azadlığın məhdudlaşdırılması Cinayət Məcəlləsinə daxil edilməlidir, alternativ cəzalar olmalıdır. Nəzərə almaq lazımdır ki, dərmanların qanunsuz dövriyyəsi çox ağır nəticələrə gətirib çıxara bilər. Bu ağır nəticələr insan ölümünə səbəb olur və vətəndaşların səhhəti mühüm rol oynayır. Təəssüf ki, son illərdə bəzi dərman depoları da ölkəyə keyfiyyətsiz dərmanların gətirilməsi ilə məşğul olurlar. Bununla da həmin dərmanlar ağır xəstəliyi olan şəxslərə əks təsir göstərir. 

Ona görə də hesab edirəm ki, sanksiyada alternativ cəzanın nəzərdə tutulması çox yaxşıdır. Əks halda, bu, bəzi şəxslərə imkan yaradacaq. Onlar keyfiyyətsiz dərmanlar gətirməyə davam edəcəklər. Cəzanın yüngüllüyünü nəzərə alaraq bu işi daha rahat görəcəklər. Ümumiyyətlə, Azərbaycanda dərmanların ölkəyə gətirilməsində bir monopoliya var. 

Bu monopoliya keyfiyyətsiz dərmanların ölkəyə daxil edilməsinə əlavə imkanlar verir. Məncə, monopolistlərə imkan verməməliyik ki, cəzanın tamamilə yüngülləşdirilməsi onların fəaliyyətini genişləndirsin”.

Yeganə Bayramova