Nizami Gəncəvinin heykəli qəsdən yandırılmayıb

Sadəcə, heykəlin ayaq hissəsindəki parçaya alov sıçrayışı düşməsindən ola bilər





Bir müddət öncə Rusiyanın Dərbənd şəhərində Nizami Gəncəvinin heykəlinin yandırılması ilə bağlı xəbər yayılmışdı. Bu barədə Dərbənddə yaşayan sakinlər mətbuata məlumat verərək naməlum şəxslər tərəfindən gecə ikən heykələ od vurulduğunu bildirmişdilər.

Baş verən hadisə ilə bağlı Ümumrusiya Azərbaycan Konqresinin Dərbənd regional bölməsinin sədri Seyran Hacıyev "Şərq”ə eksklüziv açıqlamasında bildirib ki, ətrafda Yeni il bayramı ilə bağlı pirat maddələrin partlamasından düşən sıçrayışdan alov yaranıb: "Heykəlin də ətrafı təmirə

bağlandığına görə, parkda aparılan təmir işləri ilə əlaqədar olaraq şairin heykəli ağ parçaya bükülüb. Sadəcə, heykəlin ayaq hissəsindəki parçaya alov sıçrayışı düşməsindən ola bilər. Nəticədə bir az his yaranmışdı. Sonradan bu da təmizlənib. Bundan əlavə, heykəlin aşağı hissəsində "lox” sözü yazılmışdı. Adıçəkilən söz də pozulub. Heykəl olduğu kimi öz yerindədir. Hətta rənginə belə xətər dəyməyib. Heykəlin kimlərsə tərəfindən qəsdən yandırılması kimi yayılan söz-söhbətlər yalandır”.

S.Hacıyev 1991-ci ildən bu heykəlin Bakıda sifariş verildiyini və 1992-ci ildə Dərbəndə gətirildiyini açıqlayıb: "Bu heykəl N.Gəncəvinin 850 illik yubileyi ilə bağlı qoyulub. Heykəlin ön hissəsində Nizami Gəncəvi portreti, arxasında isə "Yeddi gözəl” poemasını əks etdirən kiçik heykəlcik yerləşdirilib”.

ÜAK-ın bölmə rəhbəri heykəlin yerinin dəyişdirilə biləcəyini də istisna etməyib: "Əgər icazə verilsə, Nizami Gəncəvinin heykəli Heydər Əliyevin heykəlindən bir az aralıda qoyulacaq”.

Qeyd edək ki, park yerləşən küçəyə keçən il Heydər Əliyevin adı verilib. Park salınacaq əraziyə texnika cəlb edilib və parkda abadlıq, təmir işləri davam etdirilir. Heykəlin ətrafı və ümumilikdə parka güllər və otlar gətirilib. Bu yaxınlarda əkilməsi gözlənilir. Yeni park Azərbaycan dövlətinin maliyyə dəstəyi hesabına salınır.

Vüqar Şahinoğlu