Novruz bayramı ərəfəsində əfv fərmanı gözlənilir

Hüquq müdafiəçiləri dövlət başçısının yenə bir çox ailələri sevindirəcəyinə inanırlar



Novruz bayramında əfv fərmanının imzalanacağı ilə bağlı gözləntilər var.
Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Daxil olan müraciətlərlə bağlı aidiyyəti üzrə arayışların hazırlandığını vurğulayan Komissiya üzvü deyib ki, böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacaq: "Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. 

Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə, sədrin təşəbbüsü ilə iclaslar çağrılacaq. Hələ ki, iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.

Ə.Nuriyev Prezidentin təşəbbüsü və humanist addımı ilə hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsinin ənənə halını aldığını vurğulayıb: 

"Ona görə bu ilin də istisna olmayacağı gözlənilir”.

Komissiya üzvü hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib: "Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq əfv sərəncamı imzalayır. Söhbət kiminsə "siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır”.

Ötən sərəncamla müxtəlif KİV-lərdə "siyasi məhbus” adlandırılan 12 nəfərin azadlığa qovuşduğunu vurğulayan Ə.Nuriyev ümid edir ki, növbəti əfv sərəncamında da bu kateqoriyadan olan şəxslərin adını görə biləcəyik.

İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu mart ayında ölkə başçısı tərəfindən əfv sərəncamının imzalanacağına ümid edir. Əfv məsələsinin birbaşa ölkə rəhbərinin səlahiyyətində olduğunu vurğulayan N.Cəfəroğlu bu dəfə bütün "siyasi məhbus"ların azad olunması üçün müraciət hazırladıqlarını deyib: 

"Azərbaycanda birdəfəlik siyasi məhbus məsələsini qurtarmaq istəyirik. Gələn il də bütün gücümüzü Qarabağ məsələsinə yönəldək. Avropa Şurasının, Avropa İttifaqının bizə iradları olmasın. Biz İşçi Qrup olaraq həmişə əfv sərəncamlarının imzalanmasını istəmişik, indi də buna çalışırıq. Novruzda əfv fərmanı gözləyirik”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı da İşçi Qrupu olaraq mütəmadi yığışdıqlarını və aidiyyəti dövlət strukturları ilə də əlaqələrini saxladıqlarını deyib: "Uzun illər belə bir ənənə formalaşmışdı ki, həm Yeni ildə, həm də Novruz bayramında əfv verilirdi. Bizlər və azadlığa çıxan məhbusların ailələri sevinirdi. Nəticədə siyahımızdakı adlar da azalırdı”. Hüquq müdafiəçisi bu dəfə əfv sərəncamı imzalanacağı halda siyasi məhbus adlandırılanların azadlığa çıxmasının arzuolunan olduğunu deyib: 

"Azərbaycan üçün vacib məsələlərdən biri də siyasi motivlərlə həbs olunan insanların azadlığa çıxma məsələsidir. Çox istərdik ki, prezident fərmanı imzalayarkən köhnədən qalan siyasi məhbus adlandırılan şəxslərin də adlarını ora əlavə etsin. Nə qədər çox insan öz azadlığına qovuşsa, bir o qədər də biz sevinəcəyik. Şəxsən mən heç zaman ümidimi itirmirəm. Arzu edərdim ki, siyahımızda olan məhbusların hamısı azadlığa buraxılsın. İşçi Qrupunun geniş tərkibdə iclasının keçirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub.

Şəymən